FSB (Rusiya Federal Təhlükəsizlik Xidməti) rəhbəri Aleksandr Bortnikov VÇK-nın (Ümumrusiya Xüsusi Komitəsi) 100 illiyi ərəfəsində hakim partiyanın rəsmi mətbuat orqanı olan «Rossiyskaya qazeta»ya geniş müsahibə verib.
Müsahibə belə bir başlıqla dərc edilib: «Rusiyanı dağıtmaq ideyası bəzilərinin beynindən hələ də çıxmayıb. Vəzifəmiz onların planının gerçəkləşməsinə imkan verməməkdir».
Bortnikov son 100 ilin tarixi hadisələrə dair baxışlarını bölüşüb. Ancaq onun bir çox bəyanatları həm tarixi faktlara, həm də bir-birinə ziddir.
««Çekist» sözü çoxdan nitqin bir hissəsinə çevrilib. O, təkcə bizim peşəkar jarqonda yox, ...cəmiyyətdə də geniş istifadə olunur. ...Anlamaq lazımdır ki, hazırkı təhlükəsizlik orqanlarının fəaliyyətinin sovet hakimiyyətinin ilk illərindəki çekistlərlə hər hansı ümumi cəhəti yoxdur. «Çekist» sözündən imtina etmək - bizdən öncə gələn nəsilləri unutmaq demək olardı», – deyə o bildirib.
«Qırmızı terror»
FSB-nin lobbiçiləri Lubyanka meydanında VÇK-nın əsasını qoyan Feliks Dzerjinskinin abidəsinin bərpasına nail olmağa çalışırlar. «Çekist» sözü kimi Dzerjinski də qurumun rəmzi olaraq qalmaqdadır. Bugünkü FSB prizmasından baxılarsa, Dzerjinski, ən azı, mübahisəli fiqur sayılmalıdır. O, xarici siyasətçi Roza Lüksemburqun təsiri altında olub, separatçı təşkilatın qurultayına qatılıb, bir neçə dəfə, o cümlədən, Varşavada silahlı üsyana görə həbs cəzası çəkib, inqilabdan sonra isə trotskiçiyə çevrilib. Onun silahdaşlarının çoxu güllələnib.
A.Bortnikov müsahibəsində deyib ki, çekistlər xarici xüsusi xidmətlərin, terrorçu, quldur və bəyaz immiqrant təşkilatların pozucu fəaliyyətini önləyiblər, ərzaq təhlükəsizliyinin təminatında iştirak ediblər.
«Eyni zamanda, vətəndaş müharibəsinin qalığı olan «qırmızı terror»la mübarizə aparılırdı. ...Partiya fəalları və güc strukturları əməkdaşları «inqilabi sayıqlıq» bəhanəsi ilə qanunsuz qətllər, həbslər və rekvizisiyalar həyata keçirirdilər. 1923-cü ildə görülmüş sərt tədbirlərlə bu ...halın qarşısını almaq mümkün oldu», - FSB rəhbəri vurğulayıb.
Həqiqətən də, vətəndaş müharibəsindən sonra «qırmızı terror» problemə çevrildi. Hərbi kommunizm və «prodrazvyorstka» (istehsal olunan ərzağın məcburi qaydada dövlətə təhvil verilməsi) dövründə norma sayılan şeylər artıq NEP (Yeni İqtisadi Siyasət) dövründə arzuolunmaz idi.
Vladimir Leninin elan etdiyi «Qırmızı terror» çekistlərin əsas məşğuliyyəti idi. Sinfi mənsubiyyətə görə kütləvi güllələnmələr və həbslər, girovların götürülməsi geniş yayılmışdı. O zaman hətta «Qırmızı terror» adlı jurnal da dərc olunurmuş.
«Obyektiv səbəblər»
A.Bortnikov repressiyaların «obyektiv» səbəblərini göstərir:
«Hələ 20-ci illərdən SSRİ-yə hücum planları var idi. Yaxınlaşmaqda olan müharibə təhlükəsi sovet dövlətindən bütün ehtiyatları və qüvvələri toplamağı, sənayeləşdirmə və kollektivləşdirməni ən tez zamanda gerçəkləşdirməyi tələb edirdi.
1930-cu illərin əvvəllərində orqanlarda «təmizləmə» başlandı və 1934-cü ilin dekabrında S.Kirovun qətlindən sonra daha da gücləndi. ...Cüzi şübhələrə görə səriştəli əməkdaşlar periferiyaya göndərilir, azad edilir, yaxud da həbs olunurdu. Onların yerini isə əməliyyat və istintaq işində təcrübəsi olmayan, karyera naminə istənilən göstərişləri icra etməyə hazır əməkdaşlar tuturdu. OQPU - NKVD-nin ayrı-ayrı yerlərdə həddini aşması da qismən bununla bağlı idi».
Ancaq bir məsələ də var ki, repressiyalar SSRİ rəhbəri İosif Stalinin göstərişləri və NKVD rəhbərlərinin əmrləri ilə həyata keçirilirdi. Güllələnmə hökmlərini aşağı rütbəli adamlar təsdiqləmirdi. Buna görə repressiyaları karyeristlərin və ya hansısa narkomun (xalq komissarı) ayağına yazmaq olmaz. Çekistlərin özləri də repressiyalara məruz qalırdılar: bu təmizləmədə əvvəlcə Dzerjinskinin silahdaşları məhv oldu, sonra isə ardıcıl olaraq qurumun bütün rəhbərləri – Qenrix Yaqoda, Nikolay Yejov, Lavrenti Beriya.
NKVD rəhbəri Yejovu casusluq, çevriliş və terror aktları, dövlət rəhbərlərinə qəsdlər hazırlamaq, habelə homoseksual əlaqələrdə suçlayaraq güllələyiblər.
Onun xələfi Beriyanı da çevriliş cəhdi, Böyük Britaniya və başqa ölkələrin xeyrinə casusluq, tamah məqsədilə qanunsuz repressiyaların təşkili ittihamları ilə edam ediblər.