FTB direktoru müavininin istefaya getdiyi xəbər verilir

Andrew McCabe

Prezident Trump və başqa respublikaçılar tərəfindən həftələrlə tənqid edildikdən sonra FTB direktoru müavininin istefaya getdiyi xəbər verilib.

Yanvarın 29-da ABŞ mediası naməlum mənbələrə istinadən xəbər verib ki, FTB-nin direktor müavini Andrew McCabe istefa verib. O mart ayında təqaüdə çıxmalıydı.

NBC xəbər verir ki, o rəsmi pensiya vaxtınadək texniki olaraq məzuniyyətdə sayılacaq.

FTB bu xəbərlər barədə heç bir şərh verməyib.

Ağ Evin bəyanatında deyilir ki, Trump cənab McCabe-i tənqid etməsinin arxasında dursa da, onun istefaya getməsi ilə heç bir əlaqəsi yoxdur. Ağ Evin sözçüsü Sarah Sanders bildirib ki, prezident FTB direktoru Christopher Wray-ə “tam etibar” edir.

McCabe keçmiş dövlət katibi Hillary Clinton-un xidməti yazışma üçün şəxsi elektron poçtundan istifadə etməsi məsələsinin araşdırlmasına səhlənkar yanaşdığına görə kəskin tənqid olunurdu.

Trump habelə McCabe-i qərəzdə ittiham edirdi, çünki onun arvadı ABŞ Senatına seçilməyə uğursuz cəhd edərkən Clinton-a bağlı təşkilatdan ianə almışdı.

McCabe-in istefasından bir neçə gün əvvəl Wray FTB-də özündən əvvəl direktor olmuş James Comey-nin təyin etdiyi iki müavini vəzifəsindən kənarlaşdırmışdı.

Ötən may ayında Trump Comey-ni FTB direktorluğundan azad edib. O Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi barədə iddiaları araşdıran təhqiqata nəzarət edirdi.