Rusiyada saxlanan jurnalist Fuad Abbasovun iyunun 25-də, axşam saatlarında Azərbaycana deportasiya edildiyi bildirilir.
Azərbaycanın yerli saytlarının məlumatına görə, jurnalist Fuad Abbasovu gətirən təyyarə təqribən saat 23: 10 radələrində Bakıya enib.
Verilən məlumata görə, Fuad Abbasov Azərbaycannın Rusiya Federasiyasındakı səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Moskva-Bakı reysi ilə yola salınıb.
Report agentliyinin məlumatına görə, Fuad Abbasov Bakıya gəldikdən sonra deyib ki, fəaliyyətini davam etdiricək. "Fəaliyyətimi yenidən davam etdirəcəyəm, məhkəməyə mütləq müraciət edəcəyəm", deyə o qeyd edib.
Fuad Abbasov mayın 16-da Moskva şәhәrindә saxlanmışdı. Moskva Şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin (FTX) iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv etmişdi. İyunun әvvәlində Moskva Apellyasiya mәhkәmәsi birinci instansiyası mәhkәmәsinin qәrarını qüvvәdә saxlamışdı.
Buna da bax: AZƏRTAC: Azərbaycan Rusiya XİN-ə Fuad Abbasovla bağlı nota göndəribJurnalistin saxlanarkən təzyiqlərə məruz qaldığı açıqlanıb, amma Rusiyanın hüquq-mühafizə orqanlarından bu deyilənlərə münasibət almaq mümkün olmayıb.
Bir müddət öncə Azərbaycanın Rusiyadakı səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) Moskva şәhәrindә saxlanan jurnalist Fuad Abbasovla bağlı nota verdiyi də bildirilmişdi.
“İyunun 11-də səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüşüb, şəraiti ilə yaxından tanış olublar. Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota, eləcə də digər aidiyyəti dövlət qurumlarına məktublar göndərib” - Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı məlumatda qeyd olunurdu.
Xatırlatma
Geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Türkiyə Rusiya təyyarəsini vuran zaman tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi.
Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu.
Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, eləcə də Azərbaycanın mövqeyindən dəfələrlə çıxış edib.