Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətin üzvü Fuad Qəhrəmanlının bugün, iyulun 23-də saxlandığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Məlumata görə, Fuad Qəhrəmanlı saxlanaraq naməlum istiqamətə aparılıb.
Amma, bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Son günlər 20-dən çox cəbhəçinin saxlandığı bildirilir. Onların bəziləri karantin rejimini (koronavirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin elan edilib) pozmaga görə, 30 sutka həbs edilib. Bəziləri isə iyulun 14-də orduya dəstək aksiyasında baş verən olaylarla bağlı (bir qrup şəxs Milli Məclisin binasına daxil olub, binaya xəsarət yetirildiyi bildirilir) açılmış cinayət işinə cəlb edilib. Daha bir neçə nəfər isə sonradan sərbəst buraxılıb
Fuad Qəhrəmanlının həmin aksiyada iştirak etmədiyi bildirilir. Üstəlik, AXCP iyulun 14-də baş verən olaylarda yol verilən qanunsuzluqlarda üzvlərinin iştirak etmədiyini açıqlayıb.
Xatırlatma
Fuad Qəhrəmanlı buna qədər 2 dəfə uzunmüddətli həbs edilib, bir çox dəfə isə inzibati qaydada sutkalıq cəzalar alıb.
O, sonuncu dəfə uzun müddətli həbsi 2015-ci ildə 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə almışdı.
O, Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək, 10 il azadlıqdan məhrum edilmişdi.
2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlı ittihamları qəbul etmirdi.