Avqustun 2-də minatəmizləmə işləri ilə məşğul olan bir şirkətin (şirkətin adı, hələlik, açıqlanmır) 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşdüyü bildirilir.
Bu barədə Füzuli Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynov qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşüb:
"Nəticədə Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri almış, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunmuşdur”.
Açıqlamaya görə, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı, hələlik, sözü gedən şəxslər və ya onların yaxınları ilə ayrılıqda danışmaq mümkün olmayıb.
Buna da bax: Komandir minaya düşübMina qurbanları…
Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 240-dən çox şəxs minaya düşüb.Onların 30-dan çoxunun həlak olduğu bildirilir.
Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı.
Lakin sonra yaxın vaxtlarda Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.
Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.
Buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan bu il deyib ki,“Biz əlimizdə olan xəritələri Azərbaycana verdik”:
“Daim bu prosesi müxtəlif mövzularda alver predmetinə çevirməyə cəhdlər olunur... Məncə, məsələnin humanitar tərəfini gözardı etməklə sülhdən danışmaq olmaz.”
Paşinyan əlavə edib ki, onlar “yaxşısını siyirmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”.
Buna da bax: Xəzərdən tank əleyhinə mina tapılıbXatırlatma
2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Füzuli rayonu daxil) nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.