Ruhi dispanserdə müayinə olunan cəbhəçi buraxılıb

Füzuli Hüseynov

Maştağada ruhi dispanserdə müayinə olunan müxalifətçi dünən noyabrın 4-ü inzibati cəzasını başa vuraraq sərbəst buraxılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan Füzuli Hüseynov polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılaraq məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs cəzası almışdı.

Füzuli Hüseynov Binəqədi İnzibati Saxlanma Məntəqəsində fiziki və psixoloji təzyiqlə üzləşdiyini bildirir. O, bununla bağlı məhkəməyə müraciət etmək fikrindədir.

Buna da bax: Vəkil: 'Cəbhəçi rühi-əsəb dispanserində müayinə olunub'

Bu barədə Füzuli Hüseynov özü AzadliqRadiosu-na danışıb. O, Maştağa ruhi-əsəb dispanserinə aparılmasın; işgəncə hesab edir:

“Mənə əvvəlcə aparıldığım Binəqədi İnzibati Saxlanma Məntəqəsində fiziki işgəncə verdilər. Ümumiyyətlə, bu dəfə saxlanma şəraiti dözülməz idi, əvvəllər belə münasibət olmamışdı. Üçüncü dəfədir Binəqədi İnzibati Saxlanma Məntəqəsində oluram, belə münasibət görməmişdim. Bu vəziyyət ictimailəşməlidir, beynəlxalq təşkilatlara müraciət edəcəyik”.

Füzuli Hüseynov təkbaşına şüar qaldırır

Füzuli Hüseynovun bu il oktyabrın 13-ü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından Maştağadakı 1 saylı ruhi-əsəb dispanserinə aparıldığı bildirilirdi.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Bu barədə AzadlıqRadiosu-na vəkil Əsabəli Mustafayev məlumat vermişdi.

Vəkilinin deməsinə görə, Füzuli Hüseynov orada müayinədən keçirildikdən sonra yenidən təkrar təcridxanaya qaytarılıb.

Ə. Mustafayev AzadliqRadiosu-na həmçinin demişdi ki, cəbhəçidə hər hansı psixi pozuntu aşkarlanmayıb:

“F.Hüseynov inzibati həbsinə etiraz olaraq təcridxanada quru aclıq aksiyası (su da içməyib) keçirib. Təcridxana rəhbərliyi isə görünür F.Hüseynovun başına nəsə gələ biləcəyi və buna görə məsuliyyət daşıyacağı təlaşı keçirib. Hesab ediblər ki, ən yaxşı çıxış yolu onun ruhi-əsəb dispanserinə göndərilməsidir. Bu hərəkətilə təcridxana rəhbərliyi bir növ özünü sığortalayıb”.

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

Bu və Füzuli Hüseynovun son açıqlamalarına, hələlik, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasının rəhbərliyinin və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Ancaq Azərbaycanın rəsmi qurumları işgəncə iddialarını bir qayda olaraq rədd edirlər.

Füzuli Hüseynov bundan əvvəl də təkbaşına Bakıda metro stansiyalarının qarşısında “Siyasi məhbuslara azadlıq” şüarı qaldırıb. İki dəfə inzibati qaydada həbs edilib.

Oktyabrın əvvəllərində isə AXCP-nin 6 fəalı inzibati qaydada həbs edilib. Onlar polisin qanuni tələbinə əməl etməməkdə ittiham ediliblər.10 gündən 30 günə kimi inzibati həbs cəzası alıblar.

Buna da bax: Milli Şura Bakıda mitinq keçirdi [foto, video. yenilənib]

Partiya onların aksiyaların kütləviliyinin qarşısını almaq məqsədi ilə şərlənərək həbs edildiyini bildirmişdi.

Xatırlatma

Sentyabri-oktyabr aylarında Milli Şura Bakıda 3 mitinq keçirib.

Hələ, oktyabrın 7-də keçirilən mitinqdə AXCP sədri Əli Kərimli demişdi ki, təkcə bu aksiya öncəsi ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb. Ancaq onda mitinqdə səslənən bu açıqlamanı hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Halbuki, hər 3 aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılmışdı. Mitinqlərdə «Talana yox» başqa korrupsiya əleyhinə şüarlar səslənib.

Bu yaxınlarda Avropa Birliyi Şurasının nümayəndələrini qəbul edərkən prezident İlham Əliyev də aksiyalar məsələsinə toxunaraq demişdi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Prezidentin sözlərinə görə, sadəcə xalq belə aksiyalara dəstək vermir.

Üstəlik, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. Hakim Yeni Azərbaycan Partiyasından olan funksionerlər isə Milli Şura rəhbərliyinin özünü korrupsiyada ittiham edirlər.