Bu gün, iyunun 2-də Təhsil Nazirliyin qarşısında etiraz aksiyası keçirən fəallar Gülnarə Mehdiyeva, Rəbiyyə Məmmədova və hadisəni çəkən reportyor Nərgiz Absalamova sərbəst buraxılıb.
Rəbiyyə Məmmədovanın sözlərinə görə, onlar və reportyor saxlanaraq Nərimanov Rayon 18-ci polis bölməsinə gətirilib. "Bölmə rəisi bizimlə profilaktik söhbət apardı, bizə izahat yazdırdı. Daha sonra sərbəst buraxıldıq", deyə o qeyd edib.
Polisdən reaksiya
"Dünən və bu gün (iyunun 2-si) Təhsil Nazirliyinin qarşısında bir qrup şəxs tərəfindən mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan icazəsiz aksiyalara cəhdlər göstərilib".
Bunu isə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Təhsil Nazirliyin qarşısında aksiyalara münasibət bildirərkən deyib. O əlavə edib ki, xüsusi karantin rejimində (Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-dən karantin elan edilib-red), sanitariya-gigiyenanın həssas dövründə toplantıların, aksiyaların keçirilməsinə məhdudiyyət tətbiq olunub.
Elşad Hacıyevin sözlərinə görə, həmin aksiyaları işıqlandıran jurnalistlər, iştirakçılarla birgə xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 infeksiyasının həssas dövründə sanitar-epidemioloji normaların pozulmasına zəmin yaradıblar:
"Bununla ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlər tətbiq olunan xüsusi karantin rejim qaydalarına etinasızlıq nümayiş etdiriblər. Jurnalistlər əhalinin sağlamlığının effektiv qorunması naminə ictimai yerlərdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan hallardan çəkinməli, vətəndaşlıq mövqeyi nümayiş etdirərək mövcud qaydalara əməl etməlidirlər”.
BŞBPİ-nin sözçüsü vurğulayıb ki, polis jurnalistlərin sərbəst peşə fəaliyyətinin həyata keçirilməsi üçün əvvəlki dövrlərdə heç bir məhdudiyyət yaratmayıb:
"İndiki halda, COVID-19 pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəzərə alınmalı, polisin qanunu tələblərinə əməl olunmalıdır. Jurnalist həmkarlarımdan xahiş edirəm ki, sosial məsuliyyətimizdən irəli gələrək özümüzü, yaxınlarımızı və cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qaydalara ciddi riayət edək…”
Bu açıqlamaya, hələlik, reportyor Nərgiz Absalamovadan münasibət almaq mümkün olmayıb.
Amma bir sıra media təmsilçiləri vurğulayırlar ki, Azərbaycanda ayrı-ayrı polis əməkdaşları karantin dövründən əvvəl də bir çox hallarda onların peşə fəaliyyətlərini yerinə yetirməyə maneələr yaradıblar.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ictimai fəal Gülnarə Mehdiyeva iyunun 2-də Təhsil Nazirliyinin qarşısında "Tələbənin tələbi cinayət deyil" adlı təkadamlıq etiraz aksiyası keçirib.
G.Mehdiyevanın sözlərinə görə, o, aksiyanı dünən, iyunun 1-də "imtahanları ləğv et", "ödənişi ləğv et" tələbləri ilə Təhsil Nazirliyinə müraciət etmək üçün gələn tələbələrin saxlanması və cərimələnməsinə görə keçirir.
Hadisə yerinə gələn polis əməkdaşları əlində plakatı tutan fəaldan ərazini tərk etməsini istəyiblər. Polislər G.Mehdiyevaya quruma rəsmi müraciət ünvanlamağı tövsiyə ediblər. Bir müddət sonra G.Mehdiyeva, NİDA Vətəndaş Hərəkatın üzvü Rəbiyyə Məmmədova saxlanıb.
Ərazidə çəkiliş aparan jurnalistləri də polis ərazidən uzaqlaşdırıb. Reportyor Nərgiz Absalamovanın isə çəkiliş edərkən saxlandığı müşahidə edilib.
Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bir gün əvvəl olanlar
Dünən, iyunun 1-də "Tələbə tələbi" adlı hərəkatın iştirakçıları "ödənişi ləğv et" və "imtahanları ləğv et" tələbi ilə Təhsil Nazirliyinə müraciət çatdırmaq istəmişdilər. Onlar koronavirus pandemiyası ilə bağlı dərslərin dayandırılması səbəbindən semestr imtahanlarının ləğv edilməsini istəyiblər. (Ali və orta məktəblərdə dərslər martın 3-dən dayandırılıb)
Təhsil Nazirliyinin rəsmiləri əvvəlcə tələbələri qəbul edib dinləmişdilər. Daha sonra tələbələr və ora toplaşan fəallar (ümumilikdə 7 nəfər) saxlanmışdı. Saxlananların 6-sı İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə günahlandırılaraq 100 manatdan 200 manata kimi cərimə edilmişdilər. "Tələbə tələbi" hərəkatının rəhbəri Rüstəm İsmayılbəyli isə İXM-in 211-ci və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib 15 sutka həbs edilib.
Təhsil Nazirliyi isə tələbələrin müraciəti ilə bağlı bunları bildirmişdi: "Mart ayından başlayaraq təhsil müəssisələri tərəfindən təşkil edilmiş məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən və bunun nəticəsi olaraq imtahanda iştiraka hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında avqust ayı ərzində 3-4 həftəlik, əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq".
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib.