Fədayə Laçın hakim qarşısına çıxır

F.Laçın

Avqustun 3-dən Bakı Ağır Cinayətlər Məhkəməsində aralarında Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin, müğənni Fədayə Məmmədovanın (Laçın) da olduğu 13 nəfərin mühakiməsi başlayır. Bu işi Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya qaytarılan iki dustağın qaçmasına görə başlasa da, istintaqın gedişində penitensiar sistemdə mənimsəmə ilə bağlı məsələlər ortaya çıxıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində həbs yerlərində saxlanılan dustaqlardan pul yığılmasıyla bağlı da araşdırmalar aparılıb.

Bu cinayət işində 7 nəfər də zərərçəkmiş qismində tanınıb.

Məhkəmə qarşısına çıxarılan 13 nəfər arasında F.Laçınla yanaşı, daha bir qadın da var – Günay Atakişiyeva. O da müğənni ilə birlikdə qaçan dustaqlardan biri olan Etibar Məmmədovun gizlənməsinə yardım etməkdə suçlanır. E.Məmmədovu maşınla apardığı iddia olunan taksi sürücüsü Məhəmməd Hacıyev də təqsirləndirilən şəxslər sırasındadır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Kriminal avtoritetlərin siyasi proseslərə təsiri ola bilərmi?

Penitensiar Xidmətdən cinayət məsuliyyətinə cəlb olunanlar sırasında isə polkovnik B.Abdullayevdən başqa, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad HacıyevTural Poladxanov da var. Qaçan dustaq Əli Ağami də onlarla birlikdə mühakimə olunacaq.

Eyni işə görə daha bir nəfər də axtarışdadır. Amma onun kimliyi açıqlanmır.

Təqsirləndirilən şəxslərə CM-nin 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə), 304.2 (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlananlar Penitensiar Xidmətin əməkdaşlarıdır.

Xatırlatma

Oktyabrın 22-dən 23-nə keçən gecə qatardan qaçan dustaqlar Əli Ağami Etibar Məmmədov olub. Ə.Ağami oktyabrın 26-da Şirvanda həbs edilib. «Qoca» ləqəbi ilə tanınan 37 yaşlı E.Məmmədovsa noyabrın 2-nə keçən gecə onun tutulması üçün keçirilən əməliyyatda öldürülüb.

Onların hər ikisi qəsdən adam öldürməkdə suçlanırdı. 1989-cu il doğumlu Ə.Ağamiyə hadisədən təxminən bir ay sonra – 2017-ci ilin noyabrında hökm oxunub və ona 19 il həbs cəzası kəsilib.

Ə.Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərində iki nəfərin öldürülməsində təqsirli bilinib. Şirvan sakinləri olan 32 yaşlı Elvin Nəciyev və 25 yaşlı Zaur Sarıbalayev şəhərin T.Ələkbərov küçəsində yerləşən kafedə güllələniblər. Z.Sarıbalayev hadisə yerində keçinib, xəstəxanaya yerləşdirilmiş E.Nəciyevsə orada dünyasını dəyişib.

Bu cinayətə görə həbs edilən 5 nəfərdən ikisi qatardan qaçan dustaqlar idi. Qaçış olayından öncə prokuror onların hər ikisinə 19 il iş istəmişdi.