Paytaxtın Tbilisi prospektində inşa edilən binaların birində çalışan bir qrup fəhlə bu gün, yanvarın 9-da yolu bağlamağa cəhd ediblər. Onlar maaşlarını tələb etdiklərini vurğulayıblar.
Fəhlələr deyiblər ki, onlar podratçı təşkilatda çalışıblar. Onlar həmin təşkilatın adını «Cesi» kimi təqdim ediblər. Şikayətçilərin demələrinə görə, həmin podratçı təşkilatın sifarişçi ilə müqaviləsi var. Fəhlələrin vurğulamasına görə, yanvarın 7-də sifarişçi ilə müqavilənin ləğv olunduğunu deyərək onların işdən azad edildiyini bildiriblər:
«Bizə dekabr və yanvar ayı üçün maaşları vermirlər. Yanvarın 7-də axşama qədər işləmişik, günün sonunda deyiblər ki, sabahdan gəlməyin. Səbəb göstərirlər ki, iki şirkətin müqaviləsi bitdiyi üçün bizi azad ediblər. Biz işə başlayanda əmək müqaviləsi tələb edəndə işə götürmürlər, ona görə məcbur olub işləmişik. Açıq şəkildə deyirlər ki, gedin kimə istəyirsiniz, şikayət edin...».
Fəhlələrin demələrinə görə, bununla bağlı yanvarın 8-də Dövlət Əmək Müfəttişliyi Xidmətində də olublar. Onlara ərizə ilə müraciət etmələri tövsiyə olunub. Şikayətçilərdən bəziləri hətta Prezident Administrasiyasında da qəbulda olduqlarını söyləyirlər. Fəhlələrin vurğulamasına görə, ümumilikdə 150 şəxs işini itirib.
Bütün bu deyilənlərə, hələlik, nə podratçı, nə də tikintinin sifarişçisinin münasibətini almaq mümkün olub.
Müfəttişlik: Əgər 10 nəfərdən çox şəxsin əmək müqaviləsi olmadan...
Dövlət Əmək Müfəttişliyi Xidmətindən də bu məsələ ilə bağlı bəzi şəxslərin onlara yanvarın 8-də şikayət ərizəsi verdiyini təsdiqləyiblər. Qurumdan deyiblər ki, hazırda araşdırma gedir.
Xidmətdən habelə bildiriblər ki, özəl müəssisələrdə yoxlamalara icazə verilmədiyindən onlar orada yoxlama apar bilmirlər. «Amma vətəndaşın hüquqları pozulduğu üçün buna biganə də qalmaq olmaz»
Müfəttişlikdən bildiriblər ki, əgər 10 nəfərdən çox şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı müəyyən olunsa, bu iş prokurorluğa göndəriləcək.