Fərəc Quliyev: '45-dəqiqəlik danışığı tam ictimailəşdir'

M.Hüseynov F.Quliyevin səs yazısını yayıb

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, videobloqer Mehman Hüseynov səs yazısı yayıb. O, həmin səs yazısının eyni ərazidən deputatlığa namizəd Fərəc Quliyevə aid olduğunu bildirir.

M.Hüseynovun sözlərinə görə, F.Quliyev şirnikləşdirici təklifdə bulunaraq ondan namizədliyini geri götürməsini, vəkili olmasını istəyib. Bunlar səs yazısında da aydın səslənir.

Ötən ilin dekabrında buraxılmış Milli Məclisin deputatı F.Quliyev isə belə söhbətin olmasını inkar etmir. Ancaq o, həmin söhbətin M.Hüseynovla bu ilin yanvarında, parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası başlamamış aparıldığını vurğulayır.

F.Quliyev

«Bunu çox böyütdülər və mənasız məsələdir. Mən adamı yanıma çağırdım, seçki kampaniyasında imkanlarının məhdud olduğunu bildirdim. Namizədliyini mənim xeyrimə geri götürməsini, vəkilim olmasını təklif etdim. Ona dedim ki, yanvarın 17-nə kimi, yəni seçki təbliğatı başlayana qədər vaxtı var. Həm də demişəm ki, anlaşma olarsa, gələcəkdə bizim partiyanın gənclər təşkilatının rəhbərliyində təmsil oluna bilər və s.», - F.Quliyev söyləyir.

O, səs yazısı yayılan söhbətin 45 dəqiqəyə qədər davam etdiyini, amma M.Hüseynovun onun cəmi 5-6-dəqiqəlik bir hissəsini ictimailəşdirdiyini də bildirir. Deputatlığa namizədin sözlərinə görə, söhbətin ictimailəşən hissəsi montaj olunub. Buna görə də təklif edir:

Buna da bax: Mehman Hüseynov xəstəxanada olub, həkimlər xəsarətlərin yüngül olmadığını deyiblər


«Mən demirəm ki, yazını Facebook səhifəsindən çıxar. Deyirəm ki, 45-dəqiqəlik danışığı bütünlüklə ictimailəşdir».

F.Quliyevin deputatlığa namizədə pul təklif etməsinə gəlincə, izahatı belədir: «Mehman Hüseynov mənə dedi ki, biopsi edilib, analiz verib, yaxın günlərdə cavab gözləyir. Mənə «əgər cavab gəlsə ki, şiş bədxassəlidir onda mən geri çəkilərəm» söylədi. Onda dedim ki, analizlərin nəticəsindən asılı olmadan biz də dəstək verərik, dostları cəlb edərik. Bu müalicənin pulu 10-15 min manat olar. Bunu da demişəm ki, bu məsələni rüşvət kimi qəbul etmə, hətta seçkidən sonra seçilsəm də, seçilməsəm də bu məsələyə əl qoyarıq».

AzadlıqRadiosu, hələlik, M.Hüseynovdan F.Quliyevin iddialarına münasibət ala bilməyib.

A.Qurbanov

Akif Qurbanov: «DSK-ya müraciət etməlidir»

«Seçki Məcəlləsinə görə, namizədin seçkidə iştirakına hər hansı şəkildə müdaxilə etmək, namizədə təzyiq göstərmək, onu hansısa təkliflərlə ələ almaq qadağandır», - Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov belə deyir. Onun sözlərinə görə, deputatlığa namizəd M.Hüseynov dairə seçki komissiyasına müraciət etməlidir.

«DSK baş verən pozuntuda cinayət tərkibi ehtimalını nəzərə alarsa, o zaman həmin şikayət üzrə faktlar prokurorluğa göndərilməlidir. Cinayət tərkibi iddiası varsa, bunu artıq hüquq-mühafizə orqanları araşdırmalıdır», - keçmiş MSK üzvü əlavə edir.

Buna da bax: Namizəd: 'Çayxanada görüşümü dağıtdılar'

A.Qurbanov hesab edir ki, qarşılıqlı iddialar araşdırılmalıdır: «Fərəc Quliyev deyir ki, maddi yardımla bağlı təklifi Mehman Hüseynovun müalicəsi haqda söylədiklərinə cavab olaraq verib. Amma Mehman Hüseynov deyir ki, bu namizəd kimi ələ alınmaq cəhdidir. Odur ki, bu məsələ araşdırılmalıdır».

Onun sözlərinə görə, hətta bu vəsait müalicə üçün təklif olunubsa belə, ortada şərt var, qarşı tərəfin seçkilərdən namizəd kimi geri çəkilməsi istənilir: «Əgər təklifin arxasında tələb varsa, bu, hansısa sırf müalicə məqsədi güdmür. Ona görə də, bu proses aidiyyəti üzrə araşdırılmalıdır. Bu namizədliyin ləğvi ilə də başa çata bilər».

A.Qurbanov əlavə edir ki, normal cəmiyyətlərdə bu cür hallarda ictimai şəxslər dərhal istefa verirlər.

MSK

MSK: «Bu, ciddi qanun pozuntusudur»

Rəsmi qurumlar məsələni araşdıracaqlarmı? Mərkəzi Seçki Komissiyasından deyiblər ki, bunun ciddi qanun pozuntusu olması mübahisəsizdir və məsələylə bağlı aidiyyəti dairə seçki komissiyasına müraciət olunmalıdır.

Rəsmi qurumdan həmçinin bildiriblər ki, ortada şirnikləndirmək iddiası varsa, məsələni prokurorluq araşdırmalıdır, «çünki ortada cinayət iddiası var».

«Hökmən tədbir görülməli, bu addım qiymətini almalıdır. Amma hansı şəkildə alacaq, bunu əvvəlcədən demək olmur»,- MSK-dan bildiriblər.

Rəsmi qurum araşdırmadan sonra hər iki şəxsin namizədliyinin ləğv olunmasını belə istisna etmir, səbəb kimi «hər iki tərəfin məsuliyyəti var»,- deyə izah olunur.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına aiddir.

Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot edir. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.