Böyük Yeddilik (G7) qrupunun xarici işlər nazirləri Qarabağdan erməni əhalinin kütləvi axınından ciddi narahatlıq ifadə edir, Ermənistanla Azərbaycan arasında davamlı sülhə çağırır. Nazirlərin Tokioda görüşün yekununda imza atdığı birgə bəyanatda belə deyilir.
"Azərbaycanı beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə tam əməl etməyə çağırır və evlərindən didərgin düşənlərin vacib humanitar ehtiyaclarını qarşılamağa yönəlik beynəlxalq səyləri alqışlayırıq", – bəyanatda deyilir.
Bəyanatı ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken), Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın aparıcı diplomatları, həmçinin Avropa İttifaqının xarici siyasət rəhbəri Jozep Borrel (Josep Borrell) imzalayıb.
"Biz Ermənistanla Azərbaycan arasında gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin və ərazi bütövlüyünün toxununlmazlığı prinsipləri əsasında davamlı sülhün irəliləməsinə dəstəyimizi vurğulayırıq", – bəyanatda qeyd edilir.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.
Buna da bax: İlham Əliyev: Bundan sonra da ordu quruculuğu prioritet olacaqDanışıqlar təxirə salınıb
Prezident İlham Əliyev noyabrın 8-də Xankəndidə hərbi paradda deyib ki, "Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik...".
Ötən ay Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın danışıqları iki dəfə təxirə salınıb.
Rusiya AB və ABŞ-ın sülh səylərini tənqid edərək deyib ki, onların əsas məqsədi Moskvanı Cənubi Qafqazdan çıxarmaqdır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə noyabrın 8-də bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız Qərb ölkələri müdaxiləyə son qoyarsa, həll oluna bilər.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə ( Şuşa şəhəri daxil. Amma Xankəndi, Xocalı və daha bəzi ərazilər yox) nəzarətini bərpa etmişdi.