G7-nin xarici işlər nazirlərinin görüşündə Rusiyaya bir daha xəbərdarlıq edilib

Britaniya, G7-nin xarici işlər nazirlərinin görüşü, 11 dekabr 2021

Böyük Yeddiliyin (G7) xarici işlər nazirləri Rusiyanın Ukraynaya təcavüzünə qarşı xəbərdarlıqları daha da gücləndiriblər.

Dekabrın 11-də Liverpulda baş tutan görüşünün ilk günündə nazirlər təcavüz baş verəcəyi halda Rusiya iqtisadiyyatına ağır sanksiyaların tətbiq olunacağını bir daha təkrarlayıblar.

Böyük Britaniyanın xarici işlər naziri Elizabet Truss bildirib ki, Rusiya xəbərdarlıqlara məhəl qoymasa, "cavabında böyük nəticələr və ağır xərclər olacaq və G7 bunda tamamilə həmrəydir".

Buna da bax: G7-nin xarici işlər nazirləri Ukrayna ətrafındakı vəziyyəti müzakirəyə çıxarır

"Haqqında danışdığımız məsrəflər çox, çox sürətli həyata keçirilmək üçün nəzərdə tutulub."

Truss həmçinin bildirib ki, G7 - Britaniya, Almaniya, Fransa, ABŞ, İtaliya, Kanada və Yaponiya - "azadlığı pozmağa çalışan təcavüzkarlara qarşı vahid cəbhə kimi mövqe tutmalıdırlar".

Dekabrın 11-də ABŞ prezident Co Bayden də Ukraynaya təcavüz edəcəyi təqdirdə Rusiyanın dağıdıcı iqtisadi nəticələrlə üzləşəcəyi xəbərdarlığını təkrarlayıb.

Almaniyanın yeni xarici işlər naziri Annalena Berbok G7-nin sammitindəki çıxışında deyib ki, Ukrayna ilə sərhədə yaxın ərazilərdə rus qoşunlarının yığılmasını həll etmək üçün tərəflər danışıqlara qayıtmalıdırlar. Onun sözlərinə görə, vəziyyəti “Normand formatı” çərçivəsində siyasi yolla həll etmək lazımdır.

ABŞ və Qərb ölkələri hesab edirlər ki, Rusiya Ukraynaya hücum hazırlaya bilər və buna görə də yüz minə yaxın əsgərini Ukrayna ilə sərhədlərə cəmləyib. Moskva isə işğal və hərbi əməliyyat hazırlığı ilə bağlı deyilənləri təkzib edir.

Rusiya prezidenti Vladimir Putin bildirir ki, Moskva Kiyevin NATO-ya çox yaxınlaşmasından ehtiyat edərək müdafiəyə qalxır.

Ukraynanın Dombass bölgəsində yaranmış münaqişənin həllinə dair müzakirələr Almaniya, Rusiya, Ukrayna və Fransanın daxil olduğu “Normand dördlüyü”nün iştirakı ilə aparılır. Onlar Donbassdakı münaqişənin siyasi həlli üzərində işləyirlər.