G7-nin xarici işlər nazirləri Ukrayna ətrafındakı vəziyyəti müzakirəyə çıxarır

Rusiya hərbi maşınları Rusiya-Ukrayna sərhədindən təxminən 50 km aralıda, Rostov vilayətində, arxiv foto

Yeddilik Qrupun (Kanada, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Yaponiya və Amerika Birləşmiş Ştatları)(G7) xarici işlər nazirləri dekbarın 11-də İngiltərənin Liverpul şəhərində bir araya gəlirlər.

Nazirlər bu dəfəki toplantıda Rusiyanın Ukraynaya təcavüzünə qarşı birlik nümayiş etdirməyə çalışacaqlar.

Tədbirə ev sahibliyi edən Böyük Britaniyanın xarici işlər naziri Elizabet Truss bir gün əvvəl bildirib ki, bu görüş "böyük iqtisadiyyatlara malik həmfikirlər arasında birliyin nümayişi olacaq, biz təcavüzə, Ukraynaya qarşı təcavüzə qarşı mövqeyimizdə qəti şəkildə möhkəm olacağıq".

Ukrayna bu həftə ölkənin sərhədi yaxınlığında on minlərlə Rusiya hərbçinin yığılması ilə bağlı təlaşlı diplomatiyaya səbəb olan böhranın mərkəzindədir.

Buna da bax: Bayden Putin üçün Ukraynaya təcavüzü ‘çox çətin edəcəyini’ deyir

Truss Ukrayna sərhəddində Rusiya qoşunlarının cəmlənməsi məsələsinə toxunaraq Ukraynaya hərbi müdaxilənin “strateji səhv” olacağını deyib. O, da ABŞ prezidenti Co Baydenin dediyi kimi, işğalın Moskva üçün ağır nəticələrlə qarşılanacağını vurğulayıb.

Truss G7 xarici işlər nazirlərinin iclasının gündəliyində enerji məsələsinin olacağını da deyib və vurğulayıb ki, “azad demokratik ölkələri Rusiya qazına alternativlərinin mövcudluğuna əmin etmək üçün” digər ölkələrlə işləmək istəyərdi.