Gənc idmançının intiharı: Nakam sevgi, yoxsa milli zəmində qısnama?

Kseniya Çeponova

Rusiyada Altay Respublikasının Dağlıq Altay şəhərində sambo üzrə idman ustalığına namizəd Kseniya Çeponova intihar edib.

AzadlıqRadiosunun Sibir.Realii saytının məlumatına görə gənc idmançı özünün teleqram hesabında milli zəmində qısnandığını və lağa qoyulduğunu yazıb.

Gənc idmançı qızın ölümü haqqında avqustun 18-də Novosibirsk regional sambo federasiyasının VKontakte hesabından xəbər verilmişdi:

"Belə gənc, xeyirxah və işıqlı insanların həyatdan getməsinə inanmaq mümkün deyil, dəhşətdir, kədərlidir”.

Bu postun şərhlərində ölüm səbəbi barədə suallara federasiya idmançının “həyatla könüllü vidalaşması” cavabını verirdi.

Bundan bir gün əvvəl Çeponova teleqram kanalında yazmışdı ki, daha “bacarmır”, əvvəllər milliyyətindən xəcalət çəkməyib, amma indi ona məhz bu zəmində lağ edirlər.

Bu post vaxt etibarilə idmançının intiharından sonra görünməliydi. Qız özü barədə yazırdı:

"Mən yaxşı adam olmamışam. Amma pis adam da olmamışam. Ona görə də günahımı anlaya bilmirəm. Qıyıqgöz və dərisi qara doğulduğuma görəmi? Adamlar bunu lağlağıya çevirənədək mən heç vaxt öz milliyyətimdən xəcalət çəkməmişəm”.

Buna da bax: Türkmənistanda abort edən həkimlərə xəbərdarlıq olunub

Polis cinayət işi açmır

İdmançı postunda bunu da vurğulayır ki, onun barəsində “oğlanın onu atmasına görə intihar edib” deyilməsini istəmir. Lakin bir çox medialar Çeponovanın ölümünün əsas səbəbi kimi diqqəti məhz buna çəkirlər.

Dostlarının sözlərinə görə Kseniya sevdiyi oğlandan ölümündən bir neçə gün əvvəl ayrılıb, amma “məyus olsa da, iztirab çəkməyib”.

Rəfiqələri hesab edirlər ki, Çeponovanın intiharına səbəb məhz onun bullinqə məruz qalması olub.

İdmançının qohumlarından biri deyib:

"Biz altaylılar köklü sibirliyik. Amma bizə elə münasibət var ki, sanki hardansa gəlmişik. Əgər slavyan deyilsənsə, səni təhqir də edə bilərlər, hələ vura da. Biz polisə ərizə vermişik. Bu hadisəni intihar dərəcəsinə çatdırma hesab edirik. Amma cinayət işi açmayıblar”.

Kseniya Çeponova iki il əvvəl Dağlıq Altaydan Novosibirskə köçərək olimpiya ehtiyatları kollecinə daxil olmuşdu.

O regional yarışlarda mükafatlı yerlər qazanırdı və I dərəcəli idmançı idi.