Gəncə hadisələrinə görə öldürülən şəxsin meyiti 7 aydır ailəsinə verilmir

S.Sərxani

Gəncə hadisələrində, şəhərin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkilində günahlandırılan və ötən il iyulun 24-də əməliyyat zamanı öldürülən Ağa Sərxaninin meyiti hələ də yaxınlarına verilməyib.

Bu barədə onun həyat yoldaşı Sevinc Sərxani fevralın 7-də Siyasi Məhbusları Müdafiə Mərkəzinin keçirdiyi toplantıda danışıb. O bildirib ki, həyat yoldaşını sabiq icra başçısının güllələnməsinə görə şübhəli sayıb qətlə yetiriblər, halbuki, hadisə vaxtı o, ümumiyyətlə, ölkədə olmayıb.

«Bu günə qədər cavab yoxdur»

S.Sərxani deyir ki, ötən yeddi ayda həyat yoldaşının meyitini almaqdan ötrü müxtəlif dövlət orqanlarına üz tutub. Onun sözlərinə görə, 48 yaşlı A.Sərxaninin meyitinin verilməməsi bir yana, ondan həyat yoldaşının nəşindən imtina etməsi barədə ərizə yazmaq da tələb olunub. Lakin o, razılaşmayıb: «İyulun 26-da yoldaşımın ölümü barədə məlumat alan kimi Kəpəz Rayon Polis Şöbəsinə və rayon prokurorluğuna getdim, amma heç bir məlumat ala bilmədim. 27 iyulda Bakıya gəldim. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində özünü rəis kimi təqdim edən bir nəfər dedi ki, «qayıt Gəncəyə, gözlə, müstəntiqlər araşdırıb məlumat verəcək». Bir neçə gün xəbər çıxmadı, yenə Bakıya gəldim. Avqustun 3-də Binəqədi Rayon Prokurorluğunda Asif adlı müstəntiq məndən ifadə aldı, yoldaşımın paltarlarını verdi. Dedi ki, telefonlarını iki ay sonra ala bilərəm. Meyit üçünsə Binəqədi rayon morquna müraciət etməliyəm. Morqda mənə ölüm haqqında şəhadətnamə verib dedilər ki, hələ iyulun 30-da Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları meyiti aparıblar».

S.Sərxani danışır ki, bundan sonra yenə də müxtəlif dövlət orqanlarına məktublar yazıb. Çoxsaylı müraciətlərindən sonra avqustun 15-də axşam saatlarında onun evinə gəlib polis şöbəsinə aparıblar: «Mənə yoldaşımın günahının nədən ibarət olduğu barədə heç bir məlumat verilmədən meyitdən imtina etməyim haqda ərizə yazmağı tələb etdilər. Təbii ki, razılaşmadım. Ondan sonra da Daxili İşlər Nazirliyinə məktub yazmaqda davam elədim. Orada Aygün adlı bir xanım məni qəbul elədi, nömrəmi götürdü, dedi ki, əlaqə saxlayacağıq. Bu günə qədər heç bir cavab yoxdur».

S.Sərxaninin dediklərinə, hələlik, rəsmi qurumlardan açıqlama almaq mümkün olmayıb.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısı

Ağa Sərxani haqqında rəsmilər nə deyirdi

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

AZƏRTAC-ın hüquq-mühafizə orqanlarına istinadən ötən il iyulun 25-də yaydığı məlumata görə, «Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı Yunis Səfərovla birlikdə sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən daha biri öldürülüb».

Məlumatda bildirilirdi ki, öldürülən şəxs Gəncə şəhər sakini Ağa Hüseyn oğlu Sərxanidir. Onun Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adamöldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələri üzrə axtarışda olduğu deyilirdi.

«Sərxani Ağa Hüseyn oğlu silahı müqavimət göstərdiyinə görə «Aslanlar» qrupu tərəfindən öldürülüb», - məlumatda iddia olunurdu.

Rəsmi məlumata görə, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, İrana səfərlər edib.

«Abbas Hüseynova o qədər işgəncə verilib ki...»

Bugünkü toplantıda Qobustan həbsxanasında saxlanan Nardaran məhbuslarından da danışılıb.

«İllərdir məruz qaldığı işgəncələrə, məşəqqətlərə baxmayaraq, həmişə təmkinini qoruyan Taleh Bağırov elə həddə çatıb ki, özünə xəsarət yetirib. Abbas Hüseynova o qədər işgəncə verilib ki, onun əynindəki paltarlar cırıq-cırıq olub, o vəziyyətdə gecə saatlarında Qobustan həbsxanasından çıxarılıb, Kürdəxanıdakı istintaq təcridxanasına gətirilib. Orada da ailəsi, hətta vəkili ilə görüşməsinə imkan verilməyib. Bir müddət sonra yenidən Qobustan həbsxanasına qaytarılıb. Bütün bunlar həbsxananın rəisi Aftandil Ağayevin rəhbərliyi altında həyata keçirilir», - hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

O, əlavə edib ki, həbs yerlərində işgəncə hallarıyla bağlı məlumatları ictimailəşdirdiklərinə görə iki gün öncə Daxili İşlər Nazirliyinə çağrılıb: «Oradakı söhbətlərdən bir daha əmin oldum ki, Aftandil Ağayev kimilər yüksək səviyyədə himayə olunur».

«Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı T.Bağırovun xanımı Leyla İsmayılzadə isə həyat yoldaşı və daha bir Nardaran məhbusu Abbas Hüseynovun aclıq etməsindən danışıb. Bildirib ki, T.Bağırov təkcə özünə görə yox, Qobustan həbsxanasında saxlanılan digər Nardaran məhbuslarına qarşı işgəncələrə etiraz edir. Onun özünə xəsarət yetirməsinin, aclıq etməsinin səbəbi də budur. L.İsmayılzadə deyir ki, hələ yanvarın əvvəlində T.Bağırov ailəsiylə telefonla danışarkən Nardaran məhbuslarına yeni təzyiq dalğasının başlandığını söyləyib:

L.İsmayılzadə

«Cabbar Cabbarovun üzündən təpiklə elə vurublar ki, çənəsi sınıb. Abbası qan içində aparıblar. Onda Taleh Bağırov dedi ki, əgər bunlara son qoyulmasa, aclıq aksiyasına başlayacaq. Bir neçə gün öncə məlumat aldıq ki, artıq aclığa başlayıb. Bu gün səkkizinci gündür ki, aclıq edir. Vəkili onunla görüşməyə gedib, buraxmayıblar. Bir həftədir ki, evə də zəng eləmir. Durumu barədə heç bir məlumat ala bilmirik».

L.İsmayılzadənin sözlərinə görə, T.Bağırovun həm atası, həm də qayınatası birlikdə Qobustan həbsxanasına gediblər. Onları rəis A.Ağayev özü qəbul edib və bildirib ki, T.Bağırovun heç bir problemi yoxdur: «Gülməli bəhanələr uydurub. Deyib ki, guya, Taleh kamera yoldaşının yatarkən xoruldamasından narahat olub, buna etiraz edir. Sanki Taleh Bodrumda istirahətdədir, xorultu onu narahat edib. Əlbəttə ki, yalandır».

Xatırlatma

Penitensiar Xidmət isə istər Qobustan həbsxanasında aclıq aksiyası, istərsə də məhkumlara təzyiqlər barədə deyilənləri dəfələrlə təkzib edib. Qurum dünən – fevralın 6-da yaydığı məlumatda Qobustan həbsxanasının rəisi A.Ağayev və onun ailə üzvlərinin ünvanına səsləndirilən hədə-qorxu və təhqirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edildiyini deyirdi. https://www.azadliq.org/a/penitensiar-xidmet-tekzib-edir/29754915.html

«Müsəlman Birliyi» Hərəkatının sədri T.BağırovA.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. 40 nəfərdən çox adama dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s. ittihamlar verilib. T.Bağırov və A.Hüseynovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində, tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə işgəncə iddialarını təkzib ediblər.