Gəncədə anım yürüşü keçirilib

Gəncə şəhəri, Qarabağ müharibəsi dövründə Ermənistan tərəfdən atılan raketlərin dağıtdığı ərazi

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasının ildönümü ilə bağlı şəhərdə yürüş keçirilib.

Bu barədə AZƏRTAC məlumat yayıb. Məlumata görə, anım aksiyası Gənclər Fondu və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirililib. Aksiyada 44 günlük müharibə dövründə və atəşkəs dönəmində erməni silahlı biləşmələrinin açdığı atəşlər nəticəsində həyatını itirən insanlar yad edilib.

Rəsmi məlumata görə, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan ərazisindən Gəncə şəhərinə raketlər atılıb. Şəhərin Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində 15 dinc sakin həlak olub, 55-dən çox insan yaralanıb.

Həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Həlak olan və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar olub.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada onlar yenidən üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.