Gəncə olaylarına görə Almaniya vətəndaşı olan azərbaycanlıya Bakıda 6 il həbs cəzası kəsildi

Həmzə Məmmədli

Almaniya vətəndaşı olan azərbaycanlı Həmzə Məmmədli 1 il 8 aydır Bakıda həbsdədir. Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 6 il həbs cəzası kəsilib.

H.Məmmədli 6 il öncə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd vaxtı çağırışlarda suçlanır. Ona Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa acıq çağırış) və 281-ci (dövlət əleyhinə acıq çağırış) maddələriylə ittiham verilib.

H.Məmmədli özünü təqsirli bilmir. Yanvarın 7-də hökmdən öncəki son sözündə də deyib ki, ona verilən ittihamlar yalandır, Gəncə hadisələriylə bağlı heç vaxt çağırış etməyib, sabiq icra başçısına sui-qəsddə suçlanan Yunis Səfərovu da tanımayıb: "Beş dənə Facebook hesabı qoyublar ki, həmin hesablardan paylaşımlar olunub, çağırış edilib. O hesabların heç biri mənə aid deyil, hamısı saxta hesablardır. Mənə aid olduğunu təsdiqləyən heç bir sübut da ortaya qoymurlar. Mənim vicdanım təmizdir, çünki heç bir cinayət törətməmişəm".

"Eləmədiyim bir şeyi necə boynuma götürüm?!"

H.Məmmədli ona dəfələrlə istintaqla əməkdaşlıq etmək, törətmədiyi cinayəti üzərinə götürmək təklifinin olunduğunu, ancaq buna razılaşmadığını da söyləyib: "Mənə deyirlər ki, sən boynuna götür, biz hakimlə danışacağıq, sənə minimum cəza veriləcək. Eləmədiyim bir şeyi necə boynuma götürüm?!".

Vəkili Adəm Məmmədov da müdafiə çıxışında müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq ona bəraət verilməsini istəyib. Vəkilin sözlərinə görə, məhkəmə prosesi boyunca H.Məmmədlinin təqsirkar olduğunu təsdiqləyən heç bir sübut-dəlil ortaya qoyulmayıb.

Ancaq hakimlər bir neçə dəqiqədən sonra gəlib, H.Məmmədlinin 6 il azadlıqdan məhrum edilməsi barədə hökmü açıqlayıblar. Onun anası Hicran Məmmədova AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib. Oğlunun heç bir cinayət törətmədiyini deyən H.Məmmədova məhkəmədə də dövlət əleyhinə çağırışlardan yox, Həmzənin Azərbaycandakı məmur özbaşınalığı, korrupsiya barədə sosial şəbəkələrdə yazdığı şərhlərdən bəhs edildiyini vurğulayıb: "Məsələn, Hadı Rəcəblinin (mərhum millət vəkili-red.) parlamentdə yalan danışması, ağacların kütləvi şəkildə kəsilməsi barədə fikirlərini yazıb. Bu da sübut edir ki, onu niyə cəzalandırıblar. Bu qədər ədalətsizlik olar?! Bunlar necə insandırlar ki, bir gəncin həyatını məhv edirlər?".

Anası deyir ki, H.Məmmədli 2015-ci ildə Almaniyaya köçüb. Orada Tibb Kollecində təhsil alıb, Berlində xəstəxanada həkim köməkçisi işləyirmiş. O, 2023-cü ilin fevralında Almaniya vətəndaşlığı alıb. Elə həmin il iyunun 1-də Azərbaycana – öz toyuna gələrkən Bakı hava limanında saxlanılıb. O vaxtdan da həbsdədir.