“Gəncə işi” üzrə 16 nəfərin məhkəməsi davam edir

Ötən il Gəncədə baş verən hadisələrlə bağlı həbs edilənlərdən 2 qrupun (8+8 nəfərin) məhkəməsi paytaxt Bakıda davam edir.

Bu barədə Azadlıq Radiosuna hüquq müdafiəçisi Oktay Gulaliyev məlumat verib.

Hüquq müdafiəçisi qeyd edib ki, aprelin 11-12-də Sabunçu Rayon Məhkəməsində həmin iki qrupun məhkəməsində iştirak edib.

Oktay Gulaliyevin vurğulamasına görə, hər iki qrup üzrə məhkəmə prosesi çoxsaylı qanun pozuntuları ilə keçib:

“İbtidai istintaq dövründə yol verilən pozuntular məhkəmədə də təkrarlanıb. Hakimlər və dövlət ittihamçıları nəyin bahasına olursa olsun ittiham aktını təsdiq etməyə çalışıblar”

Oktay Gülalıyev, Bakı, 26 sentyabr 2013.

​Hüquq müdafiəçisinin iddasına görə, hakimlər işgəncə şikayətlərinin üzəridnən sükutla keçir:

“Demək olar ki, bütün təqsirləndiriln şəxslər öz ifadələrində ağır və dəhşətli işgəncələrə, qeyri- insani münasibətə məruz qaldıqlarını bildirdilər. Amma çox dəhşətli və acınacaqlı haldır ki, bu deyilənləri hakimlər və ittihamçılar görməzdən gəlirdilər…”

Hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, ittiham tərəfindən, işi aparan hakimlərdən və Məhkəmə Hüquq Şurasından münasibət almaq mümkün olmayıb.

Amma Azərbaycan rəsmiləri məhbusların təcridxana və cəzaçəkmə müəssisələrində işgəncələrə məruz qalmaları iddiaları ilə bağlı şikayətlərini əsasən doğru olmayan məlumatlar kimi qəbul edirlər.

O.Gülalıyev habelə burğulayıb ki, təqsirlndirilən şəxslər Cinayət Məcəlləsinin 23 ağır maddəsi ilə ittiham olunurlar:

“Onlar adam öldürməkdən tutmuş, silah gəzdirmə, narkotik, terror, quldurluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq və başqa cinayətlərdə ittiham olunurlar”

Verilən məlumata görə, təqsiləndirilən şəxslərin əksəriyyəti ittiham üzrə özünü tam günahsız sayır.

6 qurupun işi məhkəməyə verilib.

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb. Qurumda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.Verilən məlumata görə, Gəncədə həmin ay sonrakı hadisələr və iki polisin qətli ilə bağlı isə 59 nəfər şəxslə bağlı həbs-qətimkan tədbiri seçilib.

2 qrupa hökm oxunub

Onlardan yalnız, hələlik, 2 qrupun məhkəməsi başa çatıb. Hökmlər, martın 1-də Sabunçu Rayon Məhkəməsində çıxarılıb. Onlar Cinayət Məcəlləsinin (CM) 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.Bəzilərinin əlavə olaraq CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

Bir nəfər isə ayrılıqda mühakimə olunub. Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə, həbs olunan Qarabağ əlili Rza Səfərsoy bu il məhkəmə zalından azadlığa buraxılıb.R.Səfərsoy ötən il iyulun 9-dan həbsdə idi. Ona qarşı CM-in 214-2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham irəli sürülmüşdü.

Səbail Rayon Məhkəməsi ona 2 il həbs cəzası vermişdi. Hökmdən narazı qalan R.Səfərsoy apellyasiya məhkəməsinə müraciət etmişdi.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.