Trump-ın vəkilinin adamına Rusiya bank hesabından 1 milyon dollar niyə ödənib?

Rudy Giuliani (sağda) və Lev Parnas prezident George H.W. Bush-un dəfnində (Foto arxivdəndir)

ABŞ prokurorları dekabrın 17-də keçirilən məhkəmə iclasında deyiblər ki, prezident Donald Trump-ın şəxsi vəkili Rudy Giuliani-nin yaxın adamı Lev Parnas Ukrayna oliqarxı Dmytro Firtash-ın vəkilindən 1 milyon dollar ödəniş qəbul edib.

Prokurorlar bunu da deyiblər ki, Parnas bu ödənişi onlardan gizlətdiyinə görə onun zaminliyi ləğv edilməli və o həbsə qaytarılmalıdır.

Parnas ödənişi gizlətdiyini inkar edir.

Ukrayna doğumlu ABŞ vətəndaşı Parnas seçki kampaniyasının maliyyələşdirilməsi qanununu pozmaqda ittiham edilir.

O oktyabr ayında həbsindən az sonra zaminə buraxılıb və hazırda Floridada ev məhbusudur.

Buna da bax: Trump-ın ətrafındakı Ukrayna qalmaqalı böyüyür

Prokurorlar ötən həftə Nyu York sahə hakimindən Parnasın zaminliyinin ləğv edilməsini istəmişdilər.

Onlar demişdilər ki, Parnas öz maliyyəsi barədə informasiyanı, o cümlədən sentyabr ayında Rusiyadakı bir bank hesabından aldığı 1 milyon dolları gizlədib.

Həmin bank hesabı Parnasın arvadı Svetlana Parnasın adındadır.

Dekabrın 17-də ABŞ prokuroru Rebekah Donaleski deyib ki, bu ödəniş onun vəkili vasitəsilə Firtash-dan köçürülüb.

Donaleski əlavə edib ki, bu pulun Parnasın arvadına kredit kimi verilməsi ağlabatan görünmür.

Firtash hazırda Avstriyadan ABŞ-a ekstradisiya olunmasının qarşısını almağa çalışır. ABŞ-da ona qarşı korrupsiya ittihamları irəli sürülüb.

Parnas və onun hazırda ittiham altında olan Belarus doğumlu ABŞ vətəndaşı olan biznes partnyoru Igor Fruman Trump-ın şəxsi vəkili Giuliani-nin yaxın adamlarıdırlar.

Hər iki biznes partyoru ittihamları qəbul etmirlər.

Buna da bax: Ukraynalı deputat Trump-ın vəkili ilə görüşdüyünü deyir

Onlar Giuliani ilə birlikdə keçmiş vise-prezident Joe Biden və onun oğlu Hunter barəsində Ukraynada cinayət işinin açılması və 2016-cı il seçkisi zamanı demokratların fəaliyyətlərinin araşdırılması məqsədilə məxfi görüşlərdə iştirak ediblər.

Bu iki şəxs habelə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch-in vəzifəsindən geri çağırılmasına çalışan bir və ya bir neçə Ukrayna rəsmisinə kömək etməkdə günahlandırılır.

Ukraynanın ən zəngin adamlarından biri olan Firtash 2014-cü ildə Avstriyada həbs olunduqdan bəri mümkün ekstradisiyasına qarşı mübarizə aparır.

ABŞ hakimiyyət orqanları 54 yaşlı Firtash-ı rüşvətdə və cinayətkar qrup təşkil etməkdə şübhəli kimi 2006-cı ildən bəri araşdırırlar.