Fevralın 18-də 2 manata qədər olan siqaretlər 20 qəpik, 3 manata qədər olan siqaretlər isə 30 qəpik artıb.
Unun qiymətində də ciddi artım var. 50 kiloqramlıq un kisəsi 3,5 - 4 manat bahalaşıb. Bakıdakı marketlərdən birinin sahibi Dəyanət Babayev deyir ki, ümumiyyətlə, son bir ayda az qala bütün məhsulların qiymətində artım var. Onun sözlərinə görə, qida məhsullarının 80 faizində bahalaşma hiss olunur:
“Əsas un və siqaret bahalaşıb. Digər bütün məhsulların da qiymətində az da olsa artım var.”
Dəyanət Babayev artımın səbəblərini bilmir. Deyir ki, onların məhsul aldığı topdansatışda qiymətlər artıb.
Bakı sakini Esmira Əhmədova deyir ki, əvvəllər həftəyə 100 manatlıq alış-veriş edirdisə, indi qənaətlə belə 200 manat bəs etmir. Onun sözlərinə görə, süd məhsulları, kərə yağı, əsas da çörək bahalaşıb:
“40 qəpiyə çörək alırıq, bir nəfər yeyib heç doymur. Bizdə 5 uşaq var, ailə, uşaqla birgə yaşayırıq. Günə 6-7 çörək alırıq, çatmır bizə. Çox bahadır”.
Esmira Əhmədova deyir ki, bəzi çörək sexləri qiyməti olduğu kimi saxlasa da, çörəyin çəkisini azaldıblar.
Bayram bahalaşma ilə gəlir
İqtisadiyyat naziri Şahin Mustafayev də dünən jurnalistlərə çörəyin qiymətinin artmasından danışıb. O, bildirib ki, çörəyin qiymətində artım gözlənilmir:
“Taxıl idxal etdiyimiz ölkələrin bəzilərində bu məhsul bahalaşıb. Bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın”.
Ərzaq məhsullarına gəldikdə isə, Şahin Mustafeyev deyib ki, bu məhsulların qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur.
İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, son artımlar gizli inflyasiyadan xəbər verir. O, mart ayında, bayramqabağı da bahalaşma olacağını proqnozlaşdırır.
Bazarlarda tərəvəz, özəlliklə, soğan, kartofun qiymətində artım müşahidə olunur. Kərə yağı, pendir və digər süd məhsullarında da bahalaşma var.
Gizli inflyasiya
Son bahalaşmaları iqtisadçı ekspert Qubad İbadoğlu 3 istiqamətdən təhlil edir. Əsasən bostan tərəvəz və ətin bahalaşmasını mövsümi səbəblə izah edir. Qubad İbadoğlu siqaret, enerji içkilərinin qiymətindəki bahalaşmanı gömrük rüsumları, aksiz vergilərinin artırılmasına bağlayır. Onun fikrincə, idxaldan aslılığa görə isə kərə yağı, un, süd məhsulları bahalaşıb. Amma Qubad İbadoğlu son artımlarda gizlin inflyasiyanı ön plana çəkir:
“Çörəyin qiymətindəki artım gizli inflyasiyadır. Bu da çörəyin çəkisinin azaldılması ilə nəticələnir. Çörəyin çəkisinin azadılması, əslində qiymətin bahalaşmasıdır. Bu da inflyasiyanı gizlətmək məqsədi daşıyır. Bundan başqa qiyməti tənzimlənən bəzi məhsulların da bahalaşması gözlənilir. Eyni zamanda aksiz markalı malların da bahalaşması müşahidə olunur”.
Qubad İbadoğlu bildirir ki, qiymət artımı vətəndaşların ailə büdcəsinə təsirsiz ötüşməyəcək.
AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:
Sizin brauzer HTML5-i dəstəkləmir
Qiymət artımını Dövlət Statistika Komitəsi də təsdiqləyir, amma az miqdarda. Komitənin fervalın 8-də yaydığı məlumata görə, bu ilin yanvarında ötən illə müqayisədə istehlak məhsullarının qiymətində 1.7 faiz artım olub. Amma əsas artım fevral ayında qeydə alınıb. Fevral ayının statistik göstəriciləri isə gələn ay hazırlanacaq.
Müstəqil ekspertlər adətən rəsmi məlumatlara şübhə ilə yanaşırlar. Bu rəqəmlərin gerçəkləri əks etdirmədiyini bildirirlər.
Bahalaşma Azərbaycan vətəndaşlarının əsas qayğılarından biridir. Müstəqil eskpertlər, elə hökumət rəsmilərinin özləri də qiymət artımının qarşısını almaq üçün yerli istehsalı artırmağı zəruri sayırlar. Əks halda Azərbaycan idxaldan asılı olacaq, həmin ölkələrdə qiymət artımı olarsa, bu özünü yerli bazarda da göstərəcək.