Yay mövsümü başlayandan pambıq sahəsində zəhərlənmələr, günvurmalar, taxıl zəmisini biçməyə texnika axtaranların şikayətləri ilə bağlı bir neçə dəfə reportaj vermişik. Bu dəfə soğandan söz açacağıq. Pambıq kimi dilə-dişə düşməsə də bu bitkinin əkilməsi, becərilməsi və yığılması pambıqdan qat-qat ağırdır. Əkib becərənlər belə deyir.
Pambıq sahələrində əl əməyi ilə yanaşı əkində, becərilmədə və məhsul yığımında əsas işi teknika görsə də soğanla bağlı bu heç də belə deyil. Əllə əkilib, əllə becərilən soğan, sonda da elə bir-bir əllə yığılır.
Bölgələrdə daimi işi-gücü olmayan, ehtiyac içində yaşayan adamlar üçün bu da bir məşğulluqdur. Təki səhər evdən çıxıb işə getsinlər...
O adamlara “günəmuzdçular” deyilsə də soğan yığımında haqq günə görə deyil, işə görə hesablanır. Lək uzunu torpaqda olan soğanlar əllə bir-bir çıxarılır, yaşıl kütləsi və kökləri qayçı ilə kəsilir və kisələrə yığılır. Günün sonunda içərisi soğanla dolu hər kisəyə görə bir manat verilir.
Zirəklər 10 kisə və ya daha çox soğan toplaya bilir, bu işə təzə başlayanlar isə 5-6 kisədən o yana keçə bilmirlər. Bu isə o deməkdir ki, ən çox işləyən evinə 10 manat və bəzən də bir az artıq pul apara bilir. Üstəgəl “günəmudçular” a icazə virilir ki, zədələnmiş və daha xırda soğanlardan evlərinə aparsınlar.
Bu dəfə o insanların nə narazılıqlarını, nə günün altında yanmalarını, nə də hər hansı istəklərini deyil sadəcə danışan fotolarını təqdim edəcəyik. Bu fotoları biz qızmar günəş altında Beyləqan rayonunun Türklər kəndində çəkimişik.
Sahədə işləyənlər əsasən İmişli, Saatlı rayonlarının sakinləridir. Aralarında Biləsuvardan gələn Cəbrayıllı məcburi köçkünlər də var. Gün ərzində bu kənddə iki yüzdən çox adam tarla işi görür. Bu il soğan boldur deyə iş də çoxdur...