Gözünü sosial müavinətə dikənlər

Əli Axundov

-

Azərbaycan rəsmiləri deyirlər ki, 2003-cü ildən bəri ölkədə 1 milyon 200 mindən çox iş yeri açılıb. Ancaq, deyəsən, Lənkəran rayonunun Gəgiran kəndində elə ailələr var ki, bu iş yerlərindən onların qismətinə düşən olmayıb. Həmin kəndin sakini Əli Axundov ailə qurmuş uşaqlarının böyük ehtiyac içində yaşadıqlarını deyir.

Oğlu Füzuli Axundovun 4 uşağı var, özü əlildir. Kürəkəni Fuad Şıxəcanovun da ailəsi böyükdür. Ailədə, demələrinə görə, heç kim işləmir. Hər iki ailə ünvanlı dövlət sosial yardımı almaqdan ötrü 3 ay sənədləri toplayıb. Əli Axundovun deməsinə görə, sənədlər internet vasitəsilə nazirliyə göndərilib. Cavab isə yoxdur:

«MÜSİBƏTDİR, DƏHŞƏTDİR...»

«Kəndimiz dağlıq ərazidə yerləşir. Nəqliyyat vasitələri bir sərnişini Lənkəran şəhərinə 10 manata aparıb-gətirir. Sənədləşməyə 100 manatdan yuxarı pulumuz çıxdı. 6 sənəd hazırladıq. O, 6 sənədi hazırlamaq üçün 20-yə yaxın sənəd əldə etdik. Müsibətdir. Elə bil, «Quran» ayəsidir. Birini əldə edirsən, digəri ortaya çıxır. Dəhşətdir. 2 uşaqdan ötrü vəsiqə götürdük, 4 manat pul verdik. Notariat kontorunda da ailə üzvlərinin hər birindən 2 manat aldılar. Hamı deyir ver. Sonda internet vasitəsi ilə nazirliyin ünvanına göndərdik. Orda da 5 manat aldılar».

O deyir ki, sənədləri ötürəndən sonra qurban kəsmək istəyib:

«Sevinirdik ki, sənədləri toplayıb göndərə bildik. Kənd yeridir. Təzəlikcə sovetdən ayrılmışıq. Hər kəsin sənədi yerində deyil, axı. Elə adam var ki, ehtiyac içində çabalayır. Sənədləşdirməyə pulu yoxdur. Çoxu borc edir».

«İŞIQ VƏ QAZ PULUMU QONŞULAR VERİR»

Masallı rayonunun Təklə kənd sakini Mərviyə Tomarova də eyni aqibət yaşayıb. Onun da bir oğlu var, deməsinə görə, xəstədir:

«Atadanqalma köhnə evdə yaşayıram. Ayağımda torpaq və digər mülklər yoxdur. İşıq və qaz pulumu da qonşular verir. Məni dolandırırlar, ölməyim. Özüm də xəstəyəm. Mənə kömək etdilər, sənədləri toplayıb göndərdim. Hələ ki, cavab yoxdur».

Mərviyə Tomarovanın həmkəndlisi Səmədağa Həsənov da deyir ki, ehtiyac içində yaşayanların heç də hamısı bu yardımı ala bilmir:

«Bu qadını tanıyıram, vəziyyətləri olduqca pisdir. Bir müddət bizə gəlib-getdi. Sonra başqa evlərə gedir. Əl tuturlar. Hələ ki, yaşayır. Kəndə onun vəziyyətində olanlar çoxdur. Lakin onlar yardım almırlar, onlara vermirlər».

Mərviyə Tomarova kimi ünvanlı sosial yardım almaqdan ötrü sənəd toplayıb elektorun qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edənlər çoxdur. Bunların əksəriyyətinə nazirlikdən imtina bildirişləri gəlir.
Astara rayon sakini Günəş Məmmədova, Ruhiyyə Səmədova da imtina bildirişləri alıblar. Halbuki, hər ikisi ehtiyac içində yaşadıqlarını deyirlər.

«LOTEREYA KİMİDİR»

İnternet klubun adının çəkilməsini istəməyən bir işçisinin dediyinə görə, ünvanlı sosial yardımla bağlı onlara hər gün onlarla müraciətlər olur:

«Lotereya kimidir. Elə adamlar var ki, ehtiyacları elə də çox deyil, lakin ona düşür. Eləsi var ki, sənədləşməni də borca edib, amma ona «yox» deyirlər».

Rayonların sosial müdafiə mərkəzlərində, notariat kontorlarında, xəstəxanalarda, qeydiyyat şöbələrində, internet klublarında hər gün böyük növbələr müşahidə olunur.

Əli Axundov yenidən şikayət verəcəklərini deyir:

«Notariat kontorunun verdiyi sənədin 3 ay müddəti var. Həmin sənəd isə icra nümayəndəliklərinin verdiyi ailə tərkibi haqqında arayışların əsasında müəyyənləşir. Bu arayışın da müddəti 3 aydır. Şikayət etmək üçün hər qayda var. Nə xeyri».