Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli haqqında 2022-ci ilin sentyabrında başlanmış cinayət təqibinə xitam verilib. Siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə başlanmış məhkəmə prosesində fevralın 1-də ona bəraət verilib. Bu barədə Nəsimi Rayon Məhkəməsində hökm çıxarılıb.
Hacıbəylinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Leyla Arif xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində göstərib ki, siyasətçi Facebook sosial şəbəkəsindəki müzakirələr zamanı onu "separatçı" adlandırıb. Xüsusi ittihamçının bildirməsinə görə, sabiq deputat onu Əlikram Hümbətovdan müsahibə götürdüyünə görə separatçı kimi təqdim etməklə böhtan atıb, ağır cinayətdə ittiham edib. (Ə.Hümbətov vaxtilə özünü tanınmayan Talış-Muğan Respublikasının rəhbəri elan etmiş, buna görə dövlətə xəyanət ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi-red.)
Fevralın 1-də məhkəmədə G.Hacıbəyli bildirib ki, o, Azərbaycanda yaşayan bütün xalqlara, o cümlədən talışlara hörmətlə yanaşır, onların hüquqlarının müdafiəsi üçün əlindən gələni edir. Siyasətçi olduğunu vurğulayan Hacıbəyli əlavə edib ki, istənilən məsələyə münasibət bildirə bilər.
Buna da bax: Gültəkin Hacıbəyli: 'Evdən çıxmayacağam'"Mövcud olmayan bir şeyə görə cinayət məsuliyyətinə…"
"Ən əsası, şikayət predmeti olan müzakirələr Fuad Cəlilov adlı şəxsin yazdığı paylaşımın altında gedib. Həmin paylaşım isə bir neçə gün sonra silinib, hazırda mövcud deyil. Mövcud olmayan bir şeyə görə cinayət məsuliyyətinə cəlb etmək absurddur", - Hacıbəyli belə deyib.
Vəkili Aqil Layıc da bildirib ki, Hacıbəylinin şərhlərdə yazdığı fikirlər qiymətləndirmə xarakteri daşıyır. Vəkilin sözlərinə görə, şəxsi qiymətləndirmə mühakimə oluna bilməz.
İttihamçının nümayəndəsi isə deyib ki,…
Xüsusi ittihamçı L.Arif məhkəmə iclaslarına qatılmayıb. Onu məhkəmə prosesində nümayəndəsi və vəkili təmsil edib. Nümayəndəsi isə hesab edir ki, iddia əsaslıdır və Hacıbəyli əməlinə görə cəzalandırılmalıdır: "Xahiş edirik, Cinayət Məcəlləsinin 147.2 maddəsinin sanksiyası həddində ona cəza təyin edəsiniz". (Həmin maddə üzrə maksimum cəza 3 ilə qədər həbsdir-red.)
Lakin qısa müşavirədən sonra hakim Elməddin Hüseynov G.Hacıbəylinin əməlində cinayət tərkibi müəyyənləşmədiyini və onun haqqında bəraət hökmü çıxarıldığını elan edib.
Buna da bax: Gültəkin Hacıbəyli: 'Mən özüm də Avropadakı dostlarıma iki qutu kürü aparmışam'Buna qədər baş verənlər…
G.Hacıbəyli ötən il noyabrın 30-da Brüsseldən Azərbaycana qayıdarkən Bakıda hava limanında saxlanmışdı. Ardınca polis idarəsinə aparıldıqdan sonra məlum olmuşdu ki, barəsində sentyabrdan Nəsimi Rayon Məhkəməsində Leyla Arifin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında məhkəmə prosesi gedir.
Hacıbəyli deyirdi ki, sentyabrın əvvəlində övladının təhsili ilə əlaqədar onunla birlikdə ölkədən getdiyinə görə bu məhkəmə prosesindən xəbəri olmayıb. Deməsinə görə, onun xəbəri və iştirakı olmadan bir neçə iclas keçirilib.
Xatırlatma
Gültəkin Hacıbəyli 2000-ci ildən 2010-cu ilə qədər Goranboy rayonundan deputat kimi parlamentdə təmsil olunub. Sonra müxalifət tərəfinə keçib.
Onu bundan öncə də keçmiş həyat yoldaşının qohumları məhkəməyə vermişdi, böyük məbləğdə təzminat ödəməli olmuşdu. Sözügedən işlərlə bağlı şikayətləri hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır.