133 gündəlik yoluxma, 1 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alındığı, virusa yoluxanlardan isə 71 nəfərin müalicə olunaraq sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 13-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər də vəfat edib.

"İndiyədək Azərbaycanda ümumilikdə 337 min 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 873 nəfər sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir", qərargahdan qeyd edilib.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 365, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 867 min 916 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.