Aİ Gürcüstanın inteqrasiya prosesini dayandırıb

Tbilisidə divara çəkilmiş Aİ və Gürcüstan bayraqları

Avropa İttifaqı (Aİ) Gürcüstanın inteqrasiya prosesini dayandırıb. Bu haqda iyulun 9-da Tbilisidə Aİ-nin genişləndirilməsi üzrə beynəlxalq konfransda birliyin Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın indiki hakimiyyətinin niyyəti Aİ liderlərinə aydın deyil. O, "Xarici təsirin şəffaflığı haqqında" qanunu irəliləyişlər fonunda geriyə addım adlandırıb.

"Eləcə də antiqərb, antiavropa ritorikası Aİ-yə qoşulmaq üçün elan edilmiş məqsədə uyğun gəlmir", -- Qerçinski əlavə edib. O, inteqrasiyanın dayandırılmasını "kədərli və ürəkparçalayan" adlandırıb.

30 milyon avro da ayrılmayacaq

Səfirin sözlərinə görə, Aİ Gürcüstanın müdafiəsinə ayrılan 30 milyon avronu artıq dondurub və bu, "yalnız ilk addımdır". Qerçinski ümidini bildirib ki, Gürcüstanın Aİ-yə üzv olması üzərində iş bu ilin oktyabrına gözlənən parlament seçkilərindən sonra bərpa olunacaq.

Gürcüstana 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu verilib. Bundan bir neçə ay sonra hakim "Gürcü arzusu" partiyası "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən parlamentin müzakirəsinə çıxarıb. Tənqidçilər bu qanunu Rusiyanın "xarici agent" qanununun analoqu sayırlar. Müxalifət qanun layihəsinə qarşı çıxıb, ölkədə bir neçə ay kütləvi etirazlar keçirilib. Prezident Salome Zurabişvili qanun layihəsinə veto qoyub.

Aİ ölkələri və ABŞ Gürcüstan hakimiyyətini qanun layihəsini qəbul etməməyə çağırıblar. Sənədin qəbulundan sonra Aİ-nin bəzi üzvləri Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvini təklif ediblər. ABŞ isə Gürcüstanda "demokratiyanın sarsıdılması" üçün məsuliyyət daşıyanlara sanksiyalar tətbiq edib.