Gürcüstanda maaş və pensiyalar ciddi artırılır- Azərbaycandan fərqli olaraq

lari

-

Sentyabrın 1-dən Gürcüstanın yüksək dağ rayonlarının sakinlərinin təqaüdləri artırılır

Gürcüstanda dağlıq ərazinin sakini statusu almış təqaüdçülərə ödənişlərin məbləği sentyabrın 1-dən 20% artırılıb.

Ölkənin əmək, səhiyyə və sosial müdafiə naziri Zaza Sopromadze bildirib ki, dağlıq ərazilərdə yaşayan təqaüdçülər artıq 180 lari (78 dollar) yox, 216 lari (94 dollar) alacaqlar.

Təqaüdlərin artırılması bu il yanvarın 1-dən qüvvəyə minmiş "Dağlıq regionların inkişafı haqqında" qanun çərçivəsində həyata keçirilir.

Buna da bax: “Maaş əvəzinə yumurta və toyuq əti verilir”

Müəllimin maaşı 35% artır

Məhdud qabiliyyətli şəxslərin sosial müavinəti də 20% artırılır. Onlar da sentyabrın 1-dən 180 deyil, 216 lari alacaqlar. Başçısını itirmiş ailələr və siyasi repressiyalara məruz qalmış şəxslər 100 lari (43 dollar) əvəzinə 120 lari (42 dollar) müavinət alacaqlar.

Ötən ayın məlumatlarına görə, Gürcüstanın dağlıq bölgələrində 52 min nəfər təqaüd yaşına çatmış və dövlətdən sosial müavinət alan vətəndaş yaşayır.

Bundan başqa, dağlıq bölgələrdəki regional klinikaların tibb heyətinin maaşları artırılacaq. Sentyabrdan dövlət məktəblərində müəllimlərin orta aylıq maaşı 35% artırılacaq.

Buna da bax: Ekspert: Manat gerçək dəyərini tapana qədər 'uçacaq'

Yüksək dağlıq ərazilərdə yaşayan fiziki şəxslər əlavə dəyər və əmlak vergisindən azad edilirlər. Bu ərazilərdən olan sahibkarlar da daha gəlir və əmlak vergisi ödəməyəcəklər. Hökumət bundan başqa, əhalinin istifadə etdiyi elektrik enerjisinin 50%-nin haqqını ödəyəcək. Dövlət büdcəsi layihəsində bu artıma 1 milyon 800 min lari (780 min dollardan artıq) vəsait ayrılıb.

233 min azərbaycanlı

2014-cü ilin siyahıyaalmasına görə, Gürcüstanda 233 min etnik azərbaycanlı yaşayır. 2002-ci ildə dağlıq rayonlarda Bolnisinin əhalisinin 66%-ni azərbaycanlılar təşkil edib.

2016-cı ilin əvvəlinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 176 manat (105 dollar) təşkil edib. Azərbaycanda üç növ – yaşa görə, əlilliyə görə və başçısını itirməyə görə əmək pensiyası var.

Ucqar rayonlarda yaşayanlara imtiyazlara gəlincə, Azərbaycanda müəllimlərlə bağlı bəzi bilgilər bəllidir. Belə ki, təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə aya 40 manat kompensasiya verilir. Bu, kommunal xidmətlərin haqqını ödəməyə nəzərdə tutulub.

İş yerləri rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən gənc müəllimlərə isə 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat əlavə ödənilir. Bundan başqa, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir. Yerli icra strukturları və bələdiyyələrin üzərinə də bəzi öhdəliklər qoyulur.

Belə ki, gənc müəllimlərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur.