Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı” adlı ziddiyyətli qanun layihəsini birinci oxunuşda qəbul edib.
Tənqidçilər bu qanunun Rusiyada qəbul edilmiş bədnam “xarici agent” qanununun analoqu olduğunu iddia edirlər.
Rusiyada sözü gedən qanun qəbul edildikdən sonra mütərəqqi qüvvələrə qarşı repressiyalar artıb, müstəqil medialar bağlanmağa məcbur olub.
“Xarici təsirin şəffaflığı” qanunu layihəsinə Gürcüstan parlamentinin 83 deputatı səs verib. Müxalifət deputatları səsverməni boykot ediblər.
Bu qanun layihəsinə görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.
Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).
Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.
Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.
Buna da bax: Gürcüstanda müxalifət deputatı iqtidar deputatını vurdu. Tbilisidə müddətsiz mitinq başlandı [Video]Prezident Avropadan kömək istəyir
Sənəd Gürcüstan müxalifətinin hiddətinə səbəb olub. Müxalifət iddia edir ki, bu qanun Gürcüstana Rusiyadan göndərilib. Müxalifət Gürcüstan hökumətini “Moskvaya işləməkdə” ittiham edir.
Gürcüstanın Qərb partnyorları Tbilisini bu qanunu təsdiqləməkdən çəkinməyə çağırıblar.
Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanda yaranmış situasiyanın Avropa Şurasının bugünkü iclasında müzakirə edilməsi üçün Avropa Şurasının başçısı Şarl Mişelə və Fransa prezidenti Emmanuel Makrona müraciət edib.
Bu hərəkət Gürcüstan hökuməti tərəfindən tənqid olunub.
Hakim “Gürcü arzusu” partiyası bu qanunun Rusiya ilə heç bir əlaqəsinin olmamasında israr edir.
Zurabişvili deyib ki, qəbul olunduğu tədbirdə bu qanuna veto qoyacaq.
Buna da bax: MN: Rusiya sülhməramlıları Azərbaycanı tam tərk edibEtirazlar
Gürcüstan parlamentinin hüquq komitəsi bu qanun layihəsinə baxılmasına aprelin 15-də başlamışdı.
Müzakirə zamanı dava düşmüş, müxalifət deputatı qanun layihəsini təqdim edən “Gürcü arzusu” partiyasının deputatı Mdanaradzeni yumruqla vurmuşdu.
Həmin gün Tbilisidə və Gürcüstanın başqa şəhərlərində müxalifətin qanun layihəsinə qarşı etiraz mitinqləri başlamışdı. Müxalifət bu mitinqlərin müddətsiz olduğunu bəyan etmişdi.
Prezident Salome Zurabişvili etirazçıları dəstəkləyib və deyib ki, “xüsusi təyinatlılar suvuranlar və qaz topları ilə birlikdə özünün Avropa gələcəyinin müdafiəsinə qalxmış xalqa qarşı hərəkətə keçməyə hazırdır”.
O bəyan etmişdi ki, Gürcüstan “təkrar sovetləşməni” qəbul etməyəcək.
Etirazların birinci günündən sonra polisin 14, ikinci günündə isə 11 nəfəri saxladığı xəbər verilir.
Libertarian partiyası Girçi-Meti Tavisupleba partiyasının lideri Zurab Caparidze bildirib ki, saxlananlar aprelin 16-da naməlum şəxslərdən ibarət qrup tərəfindən döyülüblər.
Buna da bax: BŞİH Milli Şuranın mitinqini 'məqsədəuyğun' saymadıBundan əvvəl
Ötən il “Gürcü arzusu” partiyası “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.
Layihə fəaliyyətinin ən azı 20 faizi xaricdən maliyyələşən qeyri-mənfəət hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin reyestrinin tərtibini nəzərdə tuturdu.
2023-cü il, martın 7-də parlament bu layihəni birinci oxunuşda qəbul etmişdi. Bu, kütləvi küçə etirazlarına səbəb olmuşdu. Həmin gün Gürcüstan parlamentinin binası qarşısında 40 minədək etirazçının yığıldığı xəbər verilirdi.
Polislə etirazçılar arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə olunmuşdu.
Gürcüstan DİN xəsarət alan etirazçıların sayı barədə məlumat verməsə də, 100-dən çox şəxsin saxlandığını bildirmişdi.
Etiraz aksiyaları martın 8-də də davam etmiş və martın 9-da hakim partiya və ona bağlı “Xalqın gücü” hərəkatı qanun layihəsini parlamentdən geri çağırmağa məcbur olmuşdu.