Avropa diplomatları noyabrın 27-də Gürcüstanın separatçı Cənubi Osetiya ilə inzibati sərhədində bir milliyyətcə gürcünün Rusiya hərbçiləri tərəfindən öldürülməsini pisləyiblər.
Diplomatlar habelə Moskvanı bu bölgədə “qanunsuz” hərbi mövcudiyyətini dayandırmağa çağırıblar.
Rusiya tərəfi sözü gedən gürcünün qaçmağa çalışarkən vurulduğunu iddia edir.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirir ki, Rusiya hərbçiləri noyabrın 6-da 58 yaşlı gürcünü güllə ilə vurublar.
Məlumata görə o və bir neçə başqa şəxslər Kirbali kəndi yaxınlığındakı kilsəyə ibadətə gedirdilər. Rusiya bu ilin əvvəllərindən gürcülərə bu əraziyə daxil olmağı qadağan edib. Başqa bir gürcünün hadisə zamanı saxlandığı xəbər verilir.
Separatçı Cənubi Osetiyanın “dövlət təhlükəsizliyi komitəsi” iddia edib ki, Gürcüstan vətəndaşı Tamaz Ginturi saxlanarkən müqavimət göstərdiyinə görə vurulub.
Hazırda separatçı Cənubi Osetiya ilə Gürcüstan arasındakı inzibati sərhədi Rusiya sərhədçiləri mühafizə edirlər.
Bu da qeyd olunur ki, Tamaz Ginturi 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin veteranı olub. Onun qardaşı Nikolaz Ginturi Qori şəhər bələdiyyəsinin üzvüdür və bələdiyyədə keçmiş prezident Mixeil Saakaşvilinin partiyasını təmsil edir.
Buna da bax: Moskvanın tutduğu Krıma Ukrayna dronlarının hücum etdiyi bildirilirTbilisi pisləyir
Gürcüstanın baş naziri İrakli Qaribaşvili və prezident Salome Zurabişvili dünya birliyini Ginturinin qətlinə reaksiya verməyə çağırıblar.
Qaribaşvili hadisəni “ağır fakt”, Zurabişvili isə “Gürcüstanın dövlətçiliyinə həyasız hücum” adlandırıblar. Gürcüstan vətəndaşının qətli ilə bağlı cinayət işi qaldırıb.
Bu da xəbər verilir ki, buna bənzər insidentlər bu ərazidə tez-tez baş verir.
Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibənin ardınca separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb.
Qərb və Gürcüstan bu aktı sözü gedən bölgələrin faktiki olaraq Rusiya tərəfindən işğalı kimi qiymətləndirib.
Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini Rusiyadan başqa yalnız Venesuela, Nikaraqua, Nauru və Suriya tanıyıblar.
Buna da bax: Putin hakimiyyətini 2030-cu ilədək uzatmaq istəyirBeynəlxalq reaksiya
ABŞ Ginturinin öldürülməsinə qəti etirazını bildirib. Dövlət Departamentinin bu barədə bəyanatında deyilir:
"ABŞ Gürcüstan vətəndaşı Tamaz Ginturinin Gürcüstandakı işğalçı Rusiya qüvvələri tərəfindən öldürülməsini qətiyyətlə pisləyir. Bu ölüm hadisəsi Rusiyanın suveren Gürcüstan ərazisini və başqa yerləri davam edən işğalının nəticələrinin bariz nümunəsidir”.
Bu da qeyd olunur ki, Rusiyanın işğalçı qüvvələri separatçı bölgələrin sərhədlərini süni şəkildə tədricən genişləndirməklə məşğuldurlar.
Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel X platformasında hadisə zamanı saxlanan gürcünün dərhal azad olunmasını tələb edib:
"Rusiya hərbçilərinin Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya ərazisində olması qanunsuzdur”.
Kremlin sözçüsü Dmitri Peskov noyabrın 7-də jurnalistlərə bu barədə məlumatı olmadığını deyib.
Britaniyanın Tbilisidəki səfiri Mark Kleyton deyib ki, Rusiya hərbçilərinin Gürcüstanın separatçı bölgələrində olmasına son qoymalıdır.
Moskva və Tbilisi arasında münasibətlər ötən ay Rusiyanın Abxaziyada hərbi dəniz bazası yaratmaq planlarına dair xəbərlərdən sonra daha da gərginləşib.