'Gürcü arzusu' parlamentdə mübahisəli qanun layihələrini təsdiqləyib

Gürcüstan parlamenti

Gürcüstan parlamenti

İqtidarda olan "Gürcü arzusu" partiyasının nəzarətindəki Gürcüstan parlamenti kütləvi informasiya vasitələri (KİV ) və qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini məhdudlaşdıran bir sıra qanunlar və qanunlara əlavələri üçüncü oxunuşda qəbul edib.

Parlamentin üçüncü və sonuncu oxunuşda təsdiqlədiyi bir neçə mübahisəli qanun layihələri arasında ABŞ-nin "Xarici Agentlərin Qeydiyyatı Aktı" (FARA) əsasında hazırlanan yeni "xarici agentlər" haqqında qanun da var. Lakin Gürcüstan müxalifəti və vətəndaş cəmiyyəti nümayəndələri bildirir ki, bu qanun Amerika analoqundan fərqli olaraq, xarici təsirlərə qarşı deyil, daha çox müstəqil vətəndaş cəmiyyəti təşkilatları və KİV-lərə qarşı yönəlib.

Parlamentin təsdiqlədiyi "Yayım haqqında" qanuna dəyişiklik çərçivəsində yayımçıların xaricdən maliyyələşdirilməsi tamamilə qadağan edilir, jurnalist fəaliyyətinə, o cümlədən informasiya mənbələrinin qorunmasına yeni məhdudiyyətlər tətbiq olunur, pozuntulara görə nəzarət və sanksiyalar gücləndirilir. Qanun onlayn yayım platformalarına da təsir edir.

Üçüncü oxunuşda təsdiqlənən digər bir düzəliş gender bərabərliyi ilə bağlıdır. Belə ki, qüvvədə olan 15-ci qanundan "gender" termini çıxarılır. "Gender bərabərliyi" ifadəsi "qadın və kişilərin bərabərliyi" ilə əvəz edilir, "gender identikliyi" anlayışı isə tamamilə ləğv olunur. Ekspertlər bu dəyişiklikləri ifrat sağçı seçicilərə güzəşt kimi qiymətləndirir.

Parlament həmçinin Gürcüstanda QHT-lərin qanunvericilik prosesində məcburi iştirakının ləğvini də təsdiqləyib. Hakim "Gürcü arzusu" partiyası bunu "antidemokratik" və "təxribatçı" fəaliyyətlə mübarizə kimi izah edir. Lakin QHT-lərin siyasətdə iştirakı Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün əsas tələblərdən biri idi.

Üçüncü - yekun oxunuşdan sonra parlament qanunları imzalanmaq üçün prezident Mixeil Kavelaşviliyə göndərir. Yayım, gender bərabərliyi və QHT-lərin qanunvericilik prosesində iştirakı ilə bağlı dəyişikliklər prezidentin imzasından dərhal sonra, "Xarici agentlərin qeydiyyatı haqqında" qanun isə imzalandığı gündən 60 gün sonra qüvvəyə minəcək.

Artıq dörd aydan çoxdur ki, Gürcüstanda etiraz aksiyaları keçirilir. Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna kimi Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan geri çəkilməsini elan etdikdən sonra etirazlar daha da alovlanıb. Nümayişçilər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir, hakimiyyəti avtoritarizmdə və demokratik prinsiplərdən uzaqlaşmaqda günahlandırırlar.