BMT baş katibi deyir ki, dünya 'nüvə qarşıdurması' təhlükəsi ilə üz-üzədir

BMT-nin baş katibi Antonio Guterres

BMT-nin baş katibi Antonio Guterres xəbərdarlıq edib ki, Soyuq müharibədən bu yana dünya Şimali Koreyanın nüvə proqramı ilə bağlı ilk dəfə olaraq “atom qarşıdurması təhlükəsi” ilə üzləşib.

NATO-nun baş katibi Jens Stoltenberg isə deyib ki, beynəlxalq icma Şimali Koreyanın öz nüvə və silah proqramından əl çəkməsi üçün Pxenyanın üzərinə maksimum təzyiq tətbiq etməlidir.

Guterres və Stoltenberg bu bəyanatları fevralın 16-da Münhendə keçirilən illik Təhlükəsizlik Konfransında etdikləri müraciətdə veriblər. Münhen Konfransına dünya liderləri və yüksək vəzifəli rəsmilər qatılır.

Guterres deyib: "Mən təbii ki, Koreya Xalq Demokratik Respublikasının nüvə silahı və uzaqmənzilli raket proqramları barədə danışıram. Bütün bunlar beynəlxalq icmanın istəyinin və BMT Təhlükəsizlik Şurası qətnamələrinin ziddinə olaraq baş verir”.

BMT Təhlükəsizlik Şurası sanksiyalarının getdikcə artan sərtliyinə baxmayraq Şimali Koreya lideri Kim Jong Un nüvə raketlərinin inkişaf etdirilməsi proqramından imtina etmək istəmir.

Stoltenberg çıxışında xatırladıb ki, Pxenyan Münhenə Birləşmiş Ştatlara olduğundan daha yaxındır və beynəlxalq birlik Şimali Koreyanın nüvə ambisiyalarından daşınması üçün ona maksimum təzyiq göstərməlidir.