Gəncə işi: 'Məni stula bağlayıb, hara gəldi çırpırdılar...'

İşgəncə. Foto illüstrasiya

«Həm Gəncə Şəhər Baş Polis İdarəsində, həm də Kəpəz Rayon Polis Şöbəsində polislər mənə elə işgəncə verirdilər ki, əminəm, heç əsirlərə elə işgəncə verilmir. Belimi sındırmaq üçün o qədər vurdular... Şükür ki, sınmadı. Əl-ayaqlarımı bağladılar, sonra özümü də stula bağladılar. Məni stul qarışıq divara, yerə, hara gəldi, çırpırdılar...», – Gəncə hadisələrinə görə həbs olunan Vüqar Xudiyev iyunun 19-da məhkəmədə danışıb.

Gəncə hadisələrinə görə həbs olunanların işi sonradan bir neçə qrupa ayrılıb. V.Xudiyevin işi daha beş nəfərlə birlikdə məhkəməyə göndərilib. Onlara kütləvi iğtişaşların təşkili, polislərə qarşı müqavimət göstərmə, zor tətbiq etmə ittihamıyla 6 ildən 8 ilə qədər həbs cəzası verilib. Onlar özlərini təqsirli bilmirlər. Hamısı da hökmdən apellyasiya şikayəti veriblər və hazırda şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

«İki ay yerdən qalxa bilmədim»

7 il həbs cəzası almış V.Xudiyev iyunun 19-da apellyasiya məhkəməsində ifadə verərkən işgəncələrdən danışıb. Deyib ki, o qədər döyülmüşdü, qabırğalarının bir neçəsi sınmışdı: «İki ay yerdən qalxa bilmədim».

Saxlandığı istintaq təcridxanasında da lazımi tibbi yardım göstərilmədiyini deyən V.Xudiyevə hakim Salman Hüseynov irad tutub ki, niyə ancaq işgəncədən danışır? Gəncəyə niyə getməsindən danışsın.

Buna da bax: Baş prokurorluq işgəncə şikayətlərini əsassız sayıb

V.Xudiyev bildirib ki, Gəncəyə İmamzadə ziyarətgahına getmişdi: «İyulun 10-da səhər saat 8-9 arası Elvinin dostları Eyruz və Səbuhi ilə İmamzadə ziyarətgahını ziyarət etdik. Eyruzgil Mingəçevirdən gəlmişdi. Məndən Elvin (Nəzərov) xahiş edib dedi ki, dostları ziyarətgaha getmək istəyir, onlara həm bu məsələdə kömək eləyim, həm də qonaq saxlayım. Ziyarətgahdan sonra Xoşbulağa dincəlməyə gedəcəkdik. Arada Gəncədə Xan bağında oturub çay içdik. Bu vaxt iki polis bizə yaxınlaşdı və onlarla idarəyə getməyimizi tələb etdilər. Biz də getdik. Yəni mən aksiyadan əvvəl Xan bağında çay içəndə həbs olunmuşam. Amma yazıblar ki, guya aksiya zamanı meydanda tutulmuşam».

Bakıda fəhlə işlədiyini deyən V.Xudiyevin sözlərinə görə, polislər onları tutub aparanda səbəbini soruşmağa imkan verməyiblər. İdarədən sonra isə onları məhkəmə qarşısına çıxarıb, ictimai asayişi pozmaq ittihamıyla 15 sutka inzibati həbs cəzası veriblər.

Onun sözlərinə görə, məhkəmənin qərarından sonra yenə polis idarəsinə qaytarıb döyüblər:

Buna da bax: Gəncə işi: 'İki gün ac-susuz saxladılar, gecə-gündüz döyürdülər'

«Dayanmadan döyürdülər. Deyirdilər ki, əmr gözləyirik, lazım olsa, sizi güllələyəcəyik. Deyəndə ki, günahımız yoxdur, bunu Allah da bilir, başlayırdılar Allahı da söyməyə...».

«Bütün yaddaşım itib»

Təqsirləndirilən Elvin Nəzərov da ifadəsində Gəncə aksiyasının təşkilatçılarından biri olması barədə ittihamda yazılanların yalan olduğunu bildirib.

Təqsirləndirilən Nemət Heydərli Gəncə aksiyasının videogörüntülərində şəxsən onun iştirakının tapılıb ortaya qoyulmasını tələb edib.

Dövlət ittihamçısı Ədalət Əzimov məhkəmədə deyəndə ki, «işgəncə iddiaları təsdiqini tapmayıb, yalandır», təqsirləndirilən şəxslər etiraz ediblər.

«İnsafınız olsun, mənim başıma o qədər təpik, dubinka vurulub ki, bütün yaddaşım itib...», - V.Xudiyev belə deyib.

E.Nəzərov 7 ay ərzində heç bir yaxını ilə əlaqə saxlamağa imkan verilmədiyini xatırladıb. Dövlət ittihamçısına isə biləklərindəki izləri göstərib: «Hələ də işgəncə yerləri qalıb biləklərimdə. Qollarımı qandallayıb məni yerə yıxdılar, qandalların üstündə 150 kiloluq adam oturtdular. Qandallar biləklərimi kəsdi, ətimə girdi, bütün qanın içində idim. İndi deyirsiz ki, işgəncə olmayıb».

Məhkəmə iyunun 24-də davam edəcək.

Bu altı nəfərlik qrupdan Renat Məmmədov 6 il, Elvin Allahverdiyev, Elvin Nəzərov, Vüqar Xudiyev 7 il, Elman Rüstəmov və Nemət Heydərli isə 8 il azadlıqdan məhrum edilib.

Buna da bax: İctimai dinləmədə: “Əl-ayağı bağlı qarşısına yemək qoyublar ki, ye” (Video)

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.