'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)

Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən 11 nəfərin cəzası azaldılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara kəsilmiş 7 il 6 aydan 9 ilə qədər həbs cəzası 4 il 1 aydan 5 ilə qədər endirilib.

Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsinin binasında bu barədə qərar elan olunub. Ancaq qərarı Gəncə Apellyasiya Məhkəməsinin hakimləri verib.

Məhkəmə ittiham maddələrindən birini dəyişib. Birinci instansiya məhkəməsi onları CM-in 220.1 (kütləvi iğtişaşların təşkili və ya iştirak) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirli bilmişdi. Apellyasiya məhkəməsi ittihamlardan birini 315.2-dən 315.1 maddəsinə tövsif etdi.

Cəzanın və ittihamın nisbətən yüngülləşməsinə baxmayaraq, təqsirləndirilən şəxslər, onların valideynləri qərara kəskin etirazlarını bildiriblər.

Penitensiar Xidmətin əməkdaşları təqsirləndirilənlərin saxlandığı dəmir qəfəsə bibər qazı sıxıblar. Apellyasiya Məhkəməsinə əlavə polis qüvvələri çağrılıb. Bibər qazından valideynlər və təqsirləndirilən şəxslərdən bir neçəsinin halı pisləşib.

“Vərəmə tutuldum”

Qərardan öncə təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Onların hamısı heç bir cinayət törətmədikləri halda, bir ildən çoxdur həbsdə saxlandıqlarını vurğulayaraq, bəraət istəyiblər.

“Biz ildən artıqdır heç bir günahımız olmadan həbsdəyik. Mənim 21 yaşım var. Mən dövləti çevirəcək yaşdayam ki, mənə elə ittiham verilib? Atam-anam yaşlıdır, xəstədir. Anam birinci qrup əlildir. 1 il 1 ay 5 gündür onun gözü yoldadır. Heç demirəm ki, mənə işgəncə verənlərin cəzalandırılması haqda qərar çıxarın, onu Allah bilər. Məni açıb buraxın, gedim xəstə ata-anamın yanına, günahdır. Əgər buraxmasanız, ölüm aclığına başlayacağam”, – Maarif Hacıyevin sözləridir.

Şahlar Rzayev bildirib ki, onun özü işgəncəyə məruz qalıb, xəstəliyə tutulub: “O işgəncələr nəticəsində ciyərim zədələndi, vərəmə tutuldum”.

Ruslan Həsənov deyir ki, Gəncədə 10 iyul aksiyasının keçirildiyi ərazi onun yaşadığı evin yaxınlığıdır, o da səs-küy eşidib çıxıb ki, nə baş verdiyini öyrənsin:

“Siz hakimlərə də, hamıya da gün kimi aydındır ki, bizim heç bir günahımız yoxdur. Bir ildən çoxdur bu analar gözüyaşlı qalıb, onların ahını necə götürə bilirsiz? Sizin də balanız var...”

Tural Bayramov bildirib ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində ona qarşı ittihamlar sübuta yetirilmədi:

“Bircə sübut qoysunlar ortaya, istənilən cəzaya hazıram. Yazıblar ki, guya ölən polisin şalvarının üstündən mənim köynəyimin lifi tapılıb. Əvvəlcə mənim ümumiyyətlə, orada olduğumu sübut eləsinlər, sonra köynək məsələsinə gələrlər. Bu qədər də olmaz axı...”

Sosial şəbəkə hesabının olmadığını deyir

Nizami Əkbərov bildirib ki, günü 10 manata fəhləlik etməklə iki övladını dolandırırdı. Bir ildən çoxdur həbsdədir və ailəsi ağır durumdadır: “Aşağıdan yuxarıya qədər hamı bizə qarşı ədalətsizlik elədi. Heç olmasa, siz eləməyin...”

Kamal Məhərrəmov deyir ki, onlara sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra birləşib, sosial şəbəkələrdə Yunis Səfərovu dəstəkləmələri, iğtişaşlar hazırlamaları barədə ittiham verilib. Amma onun heç bir sosial şəbəkədə hesabı olmayıb:

“Biz vəzifəsindən sui-istifadə edən dövlət işçilərinin şərinə düşmüşük. Anam da bu dərdə dözmədi, yeddi ay əvvəl onu itirdim. Heç dəfnində də iştirak edə bilmədim. Bunları ona görə demirəm ki, mənə yazığınız gəlsin, vəziyyət budur”.

Araz Həsənov bildirib ki, onlara qarşı baş verənlər misli görünməmiş qanunsuzluqdur: “Baş prokurorluqdan videogörüntü istədik ki, orada olduğumu sübut eləsinlər. Cavab yazdılar ki, belə görüntü yoxdur”.

Digər təqsirləndirilən şəxslər də son sözlərində eyni məzmunlu fikirlər səsləndiriblər.

Xatırlatma

Gəncə hadisələrindən sonra həbs olunan bu şəxslər kütləvi iğtişaşların təşkilində və ya iştişaşlarda iştirakda, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunurlar.

Gəncə Ağır Cinayətlər Məhkəməsi onlara 7 ildən 9-ilə qədər azadlıqdan məhrumetmə cəzası vermişdi. Amma təqsirləndirilənlər onlara qarşı irəli sürülən ittihamı qəbul etmirlər, azad olunmalarını tələb edirdilər.

Gəncə hadisələrinə görə ümumilikdə 80-ə yaxın şəxsin işi məhkəmədədir.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Elmar Vəliyevə sui-qəsd olub.

Bundan sonra Gəncənin mərkəzində etiraz aksiyasına cəhd olundu.

Bu gün məhkəməsi keçirilənlər həmin aksiyada iştirakda suçlanırlar. Həmin aksiyalarda iki polis əməkdaşının öldürüldüyü bildirilirdi.