Haaqada 1500-dən çox etirazçı saxlanılıb

İqlim fəallarının aksiyası, Almaniya, arxiv foto

Haaqada “Extinction Rebellion” ətraf mühit hərəkatının təşkil etdiyi etiraz aksiyasında 1500-dən çox etirazçı saxlandığı bildirilir. Şənbə günü iqlim fəalları Hollandiya hökumətinin qalıq yanacaqlara verdiyi subsidiyalara etiraz olaraq magistral yolu bağlayıblar.

Hollandiya polisinin məlumatına görə, nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə etməli olub. O da bildirilir ki, etirazçılar bunu gözlədiyindən çoxları aksiyaya çimərlik paltarında və ya çətirlə gəlib.

Buna da bax: Qlobal istiləşmə-Alp dağlarının yamacları qar əvəzinə kaktuslarla örtülür

"Extinction Rebellion" hərəkatı aksiyada təxminən 7 min insanın iştirak etdiyini bildirib. Polisin məlumatına görə, 1579 nəfər saxlanılıb. Onlardan 40-ı vandalizmə görə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə qarşısına çıxarılacaq.

“Extinction Rebellion” radikal ekoloji hərəkatı iqlimin müdafiəsi üzrə yüksək profilli tədbirlərlə tanınır.

Buna da bax: İqlim dəyişikliyi: istilər, meşə yanğınları güclənir

Bu ilin yanvarında hərəkat taktika dəyişikliyi elan edib: əgər əvvəllər fəallar ictimai yerlərdə vitrinləri sındırıb özlərini səkiyə yapışdırırdılarsa, indi onlar hökumətlərin qlobal istiləşməyə sərgilədikləri hərəkətsizliyinə qarşı böyük qruplar toplamaqla etirazlar təşkil edirlər.