Bakıda məscid qalmaqalı [video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Dindarlar məscidin sökülməsinə etiraz edir

«Məscid sökmək bunların çoxdankı hobbiləridir».

Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 20-də yerləşən «Hacı Cavad» məscidinin sökülməsi qərarı ilə bağlı dəyərləndirməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli belə deyib.

Əli Kərimli

AXCP sədri hökumətin 19-cu əsrdə tikilmiş, rəsmən tarix və mədəniyyət abidəsi hesab olunan məscidin sökülməsi qərarını tənqid edib.

«Erməni kilsəsi deyil ki, pulsuz qaz versinlər, məscid sökmək çoxdankı hobbiləridir. Xeyli həmvətənimiz də sual verir ki, İslam Həmrəyliyi Oyunları ərəfəsi məscid sökmək nə imiş?», -deyən Ə.Kərimli hökuməti korrupsiyada, pul silməkdə ittiham edib.

«Avropa Oyunlarında da, İslam Həmrəyliyi Oyunlarında da bunları özünə cəlb edən oyundur və oyunlar hesabına pul silməkdir. Əslində isə, nə Avropa bunlara maraqlıdır, nə də islam həmrəyliyi», - Ə.Kərimli qeyd edib.

Deputatlar məscidin sökülməsindən danışırlar

AzadlıqRadiosu Hacı Cavad məscidinin sökülməsinə deputatların da reaksiyasını təqdim edir.

Nizami Cəfərov: “Burda dinə, inanca zidd məsələ yoxdur”

Nizami Cəfərov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Nizami Cəfərov bu qərardan xəbərsiz olduğunu bildirir. Bununla belə, deputat məscidin sökülməsi ilə “qanun pozuntusuna yol verildiyinə” inanmır. O, belə məsələlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin “ciddi yanaşdığını, süni problem” yaratmadıqlarını bildirir.

Nizami Cəfərov köhnə Sovetskidə söküntü zamanı tarixi abidələrin də sökülməsini belə şərh edir: “Orda tarixi abidələr qorunur, eşitdiyimə görə, bir neçə abidəni sökməyiblər. İnanmıram həmin məscid həqiqətən tarixi abidə olsun. Onu təmir etmək mümkündürsə, qoruna bilər, amma yolu genişləndirmək üçün sökülürsə, burda dinə, inanca zidd məsələ yoxdur, başqa yerdə yenisi tikilə bilər. Bu tam texniki, tikintiylə bağlı məsələdir”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Nizami Cəfərov: 'Burda dinə, inanca zidd məsələ yoxdur'

Buna da bax:​ Hacı Cavad məscidinin söküləcəyi bildirilir

Deputat məsələni araşdırmadığı üçün ümumi fikir söyləməklə kifayətlənir: “Məscid söküləcək, ya sökülməyəcək, bu məsələlər qanunlarla tənzimlənmir. Bu, texniki məsələdir. Bəzən elə vəziyyət olur ki, məscid sökülməlidir və ya yenisi tikilməlidir, bunu ancaq mütəxəssislər şərh etməlidirlər. Təbii ki, ehtiyac yoxdursa, məscid sökülə bilməz, ehtiyac varsa, məscid tikilməlidir. Odur ki, Milli Məclis səviyyəsində, komitə üzvü kimi söz demək çətindir. Mən səbəbləri bilmədiyim üçün qəti söz deyə bilmərəm”.

Deputat Rafiq Məmmədhəsənov da bu məsələ haqda məlumatsız olduğundan danışmaq istəmədi.

Aqil Abbas: “Orda məscid olmasını bilməmişəm”

Aqil Abbas

Parlamentin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyir ki, tarixi abidələrin sökülməsini heç kim istəməz:

“Türklərdə yaxşı söz var: bir var məscid, bir var cami. Məscid namaz qılınan yerdir, cami daha böyük yerdir. Amma başqa söz demək istəyirəm. Mən belə bir məscidi tanımırdım. İndi oxudum ki, orda bir məscid var. Ordan da bəlkə 200 dəfə keçib getmişəm və orda məscid olmasını bilməmişəm. Tarixi abidə deyilsə, sökülə də bilər, yerində ondan yaxşısı tikilə də bilər. Bu söhbətlə bağlı hörmətli şeyximiz Allahşükür Paşazadə, Komitə sədri kimi Mübariz Qurbanlı açıqlama veribsə, məndən soruşmağın nə adı var? Mən şeyxdən çox bilmirəm. Şeyxdən də çox dinə bağlı deyiləm”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Aqil Abbas: 'Ordan da bəlkə 200 dəfə keçib getmişəm və orda məscid olmasını bilməmişəm.'

Buna da bax: 'İlahiyyat məscidi' QMİ-yə verildi

Aqil Abbas Azərbaycanda məscidlərin sökülməsini, inanclı insanlara basqıların olması haqda tənqidləri də rədd edir: “Azərbaycanda dinə, dini kəsimə qarşı təzyiq yoxdur. Ölkənin hər kəndində, hər şəhərində yüzlərlə məscid tikilir. Dini kəsimə niyə təzyiq göstərilsin ki? Təzyiq göstərilsə, Heydər məscidi, ondan əvvəl Bayılda məscid tikilməzdi. O fikirlə razı deyiləm. Azərbaycanda heç kim dinə ciddi təzyiqin şahidi olmayıb, ola da bilməz”.

* * *

“Hacı Cavad” məscidinin sökülməsi dayandırılıb

Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 20-də yerləşən «Hacı Cavad» məscidinin sökülməsi təxirə salınıb. Bu haqda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev məscid icmasının nümayəndələri ilə görüşdə bildirib.

Cavad Cavadov

Vəkil Cavad Cavadovun açıqlamasına görə, icra hakimiyyətinin başçısı ilə görüşə biliblər.

“Məscidin sökülməsinə qərar verilib. İcra başçısı ilə görüşdə bildirildi ki, həmin qərarın icrası müvəqqəti dayandırılır”, - vəkil bildirib.

Buna da bax:​ Sabir Həsənli: 'Heydər məscidində biz vəhdət namazına nail olmuşuq'

Vəkilin sözlərinə görə, icra başçısı məscidin sökülməsinin Bakının baş planına uyğun həyata keçirildiyini deyib. O, icma üzvlərinə bildirib ki, binanın söküntüsünü dayandırılır.

Söküntünün yeni məscidin inşa edilməsindən ötrü yer ayrıldıqdan sonra aparılacağı bildirilib.

* * *

M.Qurbanlı: «Din adı altında süni ajiotaj yaratmaq istəyənlər var»

«Hacı Cavad» məscidi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da fikrini bildirib.

M.Qurbanlı «Sovetski»də iki məscidin sökülməsi ilə bağlı APA-ya bildirib ki, onlar qeydiyyatda deyil, köhnə olduğundan yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.

Buna da bax:​ 1500 məscid imam və axundsuz fəaliyyət göstərir

Komitə sədri vurğulayıb ki, həmin ərazidə yaşayan insanlarla söhbət aparılıb, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyi onlarla razılaşdırılıb. Bununla belə M.Qurbanlı bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var: «O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Normal namazlarda isə 3-5 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş «məhəllə məscidi» deyilən bir yer idi. Ərazinin ətrafında dörd böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə, məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir».

Ərazidə «Hacı Əbdülrəhimbəy Qulubəyov» məscidi artıq sökülüb. «Hacı Cavad» məscidinin də söküləcəyi bildirilir.

Allahşükür Paşazadə məscidin sökülməsinin əleyhinədir

«Ən qəti şəkildə biz məscidlərin sökülməsinin əleyhinəyik. Bu barədə lazımı qurumları məlumatlandırmışıq».

Buna da bax:​ 'Rəhimə xanım ziyarətgahı'na da maliyyə yardımı ayrıldı

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıdakı «Hacı Cavad» məscidinin söküləcəyi ilə bağlı deyilənləri dəyərləndirərkən bildirib.

«Hacı Cavad» məscidinin önü.

«Hacı Cavad» məscidinin söküləcəyi deyilir

Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 20-də yerləşən «Hacı Cavad» məscidinin söküləcəyi ilə bağlı bəzi insanlar arasında narahatlıq var.

Bu haqda AzadlıqRadiosuna hadisə yerində olan şəxslər danışıblar.

Bu gün, aprelin 12-si 200-ə qədər şəxs həm məscidin önündə, həm də daxilində gözləyərək buna mane olmaq istədiklərini deyirlər: «Hələlik söküntü başlamayıb, amma bizə məscidi boşaltmaqla bağlı xəbərdarlıq verilib».

Bu məscid çox hissəsi sökülmüş keçmiş «Sovetski» məhəlləsinə yaxındır. Onun söküləcəyi ilə bağlı cəmiyyət arasında çoxdandır narahatlıqlar dolaşır.

Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi belə məlumatları təkzib etmişdi.

Buna da bax:​ 7 dini təhsil müəssisəsi qeydiyyata alınıb

«Hacı Cavad» məscidi. 12 aprel 2017

İki gün öncə, aprelin 10-da isə vəkil Cavad Cavadov məscidin taleyinə aydınlıq gətirməkdən ötrü Yasamal rayon İcra Hakimiyyətinə sorğu göndərmişdi. «Bu məscidi Mədəniyyət və Turizm Nazirliyi yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edib. Məscidin sökülüb-sökülməməsi ilə bağlı vəziyyət qeyri-müəyyəndir», - deyə vəkil jurnalistlərə də bildirmişdi.

C.Cavadov əlavə etmişdi ki, sökülmə qərarı verildiyi halda həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsi məsələsi nəzərdən keçiriləcək: «Lakin reallıqda bu tipli söküntülərin ildırım surəti ilə həyata keçirildiyini anlayırıq. Yenə də inanırıq ki, belə niyyətləri olan məmurlar bundan vaz keçəcəklər».

Vəkilin sorğusuna, hələlik, cavab verilməyib.

Buna da bax:​ "Qafqaz Müsəlmanları İdarəsi bir dəfə də səsini çıxarmayıb..."

Hazırda Yasamal rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyev də hadisə yerindədir. Ancaq məsələ ilə bağlı o, jurnalistlərin sualına cavab verməkdən imtina edib.

Hadisə yerində indi polislərin də olduğu bildirilir.

«Hacı Cavad» məscidi.

Yerli camaatın bildirdiyinə görə, bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu milad təqvimi ilə XIX əsrə düşür.

Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib.