Liviyanın qiyamçı generalı Putinə ‘əziz dostum’ yazır

Khalifa Haftar

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Liviyanın qanuni hökumətinə qarşı çıxış edən general Khalifa Haftar Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.

Liviya Milli Ordusu adlandırılan silahlı birləşmənin komandanı olan Haftar bu məktubda Rusiya lideri Vladimir Putinin Liviyada sülh prosesinə dair təşəbbüsünü dəstəklədiyini bildirir.

Liviayada barışığa dair danışıqlar bu həftə Moskvada keçirilirdi. Bu görüşdə Liviyada qarşı duran tərəflərin nümayəndələri, habelə Rusiya və Türkiyənin xarici işlər nazirləri iştirak edirdilər.

Rusiyanın TASS agentliyi xəbər verir ki, Haftar öz məktubunda Putini “əziz dostum” adlandırır və ona Liviyada sabitliyin yaradılması istiqamətindəki fəaliyyətinə görə təşəkkürünü bildirir.

Yanvarın 14-də Moskvada keçirilən danışıqlarda Liviyada barışığa dair saziş əldə edilə bilməyib.

Haftar həmin gün Moskvada olsa da, Liviyanın qanuni hökumət başçısı ilə üzbəüz görüşməkdən imtina etmişdi.

Haftar ona təqdim edilən barışıq sazişini imzalamaqdan imtina etmiş və “bir qədər” vaxt istəmişdi.

Bundan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat vermişdi ki, Haftar sözü gedən sənədə imza atmadan Moskvanı tərk edib.

Onun bu hərəkəti Liviya münaqişəsində qanuni hökuməti dəstəkləyən Türkiyənin prezidenti Recep Tayyip Erdoğanı qəzəbləndirmişdi.

O demişdi ki, Ankara Liviya generalının “dərsini verməyə” hazırdır.

Yanvarın 19-da Berlində Liviyaya dair beynəlxalıq konfrans keçirilməlidir.

Bu görüşdə Liviyanın BMT tərəfindən tanınmış Tripoli hökumətinin başçısı Fayez Sarraj və onun siyasi opponenti Khalifa Haftar da iştirak edə bilər.

Görüşdə habelə Rusiya, Əlcəzair, Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə və Fransa rəsmilərinin də iştirak edəcəyi gözlənilir.

Bundan əvvəl Sergey Lavrov demişdi ki, Berlin konfransının Liviyada tənzimləməyə dair yekun sənədi artıq razılaşdırılıb.