Haitidə zəlzələdən ölənlərin sayı 300-ü keçib

Haitidə zəlzələ, 14 avqust 2021

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 300-ü keçib. Haiti Mülki Müdafiə Agentliyi avqustun 14-də Karib dənizində baş verən 7.2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayının 304 nəfərə çatdığını və ən az 1800 adamın yaralandığını bildirir.

Agentlik, ölümlərin çoxunun ölkənin cənubunda baş verdiyini xəbər verir. Məlumata görə, xilasedicilər və ətrafdan yardıma gələn adamlar zədələnmiş evlərin, otellərin və kilsələrin dağıntıları altından bir çox insanı təhlükəsiz yerə çıxara biliblər.

Baş nazir Ariel Henri baş vermiş təbii fəlakətlə bağlı ölkədə bir aylıq fövqəladə vəziyyət elan edib.

Amerika Birləşmiş Ştatları Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, zəlzələ yerli vaxtla səhər 08:30 radələrində paytaxt Port-o-Prensin təxminən 125 kilometr qərbində baş verib. Zəlzələ Port-au-Prensdə güclü şəkildə hiss edilib, ancaq ora böyük ziyan görməyib.

11 il əvvəl 7 ballıq zəlzələ Port-a-Prensin çox hissəsini dağıdıb, təxminən 300 min adamın həyatına son qoyub.

Ötən ay prezident sui-qəsd nəticəsəidə öldürüldükdən sonra Haiti siyasi xaosa qərq olub. Haiti, COVID-19 epidemiyalarına qarşı da mübarizə aparır . Bundan başqa güclü qasırğanın avqustun 16-da Haitiyə çatacağı proqnozlaşdırılır.