'İnsanlar dərman üçün kredit götürür... durub halal-haram söhbəti edirlər'

Sizin brauzer HTML5-i dəstəkləmir

Dərmanları bahalaşdıran nədir? 'Məcbur olub İrandan gətirdirik'

Bugünlərdə səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib ki, "Dərman vasitələri haqqında" Qanunun tətbiqi ilə bağlı halal dərman vasitələrinə dair xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

"Hər kəsi səbirli olmağa çağırıram, çünki yeni qaydalar müasir tələblərə cavab verir. Nəticədə ölkəyə yüksəkkeyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq", - nazir vurğulayıb.

"Halal dərmanlar" anlayışı Azərbaycan üçün yenidir.

Müsəlmanların çoxluq təşkil etdiyi bəzi ölkələrdə - Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Malayziyada isə halal dərman standartı illərdir tətbiq olunur.

Azərbaycanda istər sıravi vətəndaşlardan, istərsə də deputatlardan tez-tez dərmanların qonşu ölkələrlə müqayisədə kəskin şəkildə baha olması ilə bağlı şikayətlər eşidilir. Üstəlik, keyfiyyət ilə də bağlı şikayətlər var. Belədə dərmanın halal olub-olmaması nəyi dəyişəcək?

Azərbaycan dərmana olan tələbatının özü yalnız cüzi bir hissəsini ödəyir.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Dərman mafiyasının başında kimlər durursa…'

Halal dərman nədir?

Azərbaycan Standartlaşdırma İnstitutundan "Turan"a bildirilib ki, halal dərmanlarla bağlı AZS OIC/SMIIC 50-1:2023 "Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər" dövlət standartı qəbul edilib.

Vurğulanıb ki, halal dərman vasitələri - tərkibində islam qaydalarına uyğun olaraq icazə verilən inqridiyentlər olan əczaçılıq məhsullardır: "Yəni, bu növ dərman vasitələrində insan, heyvan mənşəlli qan, digər mayelər, haram hesab edilən heyvan və, eyni zamanda, halal olmayan komponentlərdən istifadə olunmur".

"Yersiz məsələdir"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev AzadlıqRadiosuna bildirib ki, bu, yersiz bir məsələdir: "Dərman preparatı xəstə insan üçün zəruri bir vasitədir. Onun halalı, haramı olmur ki. Orqanizm bunu xəstəliyin sağalması üçün qəbul etməlidir. Belə olan halda, dərmanların hamısı halaldır".

A.Əliyev

Ekspertin fikrincə, bu yeni dərmanların qiymətinin aşağı olacağına ümid azdır: "Bizdə, ümumiyyətlə, bir çox dərman preparatlarının qiyməti yüksəkdir. Dövlət qurumları bu məsələyə ciddi nəzarət etməlidir. Bir ölkədən dərman alınır, üçüncü ölkədə başqa şirkət adından bahalı qiymətə qeydiyyata alınır, oradan da Azərbaycana idxal edirlər. Ona görə də ölkədə dərmanlar bu qiymətə satılır. Bəzi insanlar dərman almaq üçün kredit götürür. Bu məsələlərə nəzarət etməkdənsə, durub halal-haram söhbətini edirlər".

Onun sözlərinə görə, Azərbaycanda dərman istehsalı, demək olar ki, sıfır səviyyəsindədir: "Yod və digər bir-iki adi tibbi vasitə istehsal olunur, başqa istehsal yoxdur. Bu illər ərzində dərman istehsalı bu vəziyyətdədirsə, halal dərmanların istehsalı inandırıcı görünmür".

Yazıda səslənən fikirlərə ayrılıqda Səhiyyə Nazirliyi və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.