Havanın temperaturu iyunun 28-dən dəyişəcək

Günorta saatlarında havanın temperaturu 41 dərəcəni keçib, Azərbaycan, Bakı, Novxanı, 26 iyun 2021

“Yaxın 2 gün ərzində isti hava şəraiti davam edəcək, yüksək temperatur müşahidə olunacaq. Buna görə əhaliyə tövsiyəmiz ondan ibarətdir ki, daha çox kölgəlik yerlərdə olsunlar”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, iyunun 28-i günün ikinci yarısında cənub-şərq küləyi şimal küləyi ilə əvəz olunacaq, axşam saatlarında küləyin sürəti bir qədər artacaq.

Xidmət rəisi Umayra Tağıyeva iyunun 29-da havanın temperaturunun təxminən 4-5 dərəcə aşağı enəcəyini deyib:

“İyunun 29-30-da havanın temperaturu iqlim norması daxilində olacaq. İyulun ilk günlərində anomal istilər gözlənilmir. Havanın temperaturu 30-34 dərəcə intervalında dəyişəcək”.

Bu həftənin əvvəlindən Azərbaycanda anomal istilər başlayıb, havanın temperaturu bəzi yerlərdə 40 dərəcəyə çatıb, bəzi bölgələrdə 40 dərəcəni keçib.