Xarici vətəndaş casusluq ittihamı ilə həbs edilib

DTX

Azərbaycanda xarici ölkə vətəndaşı casusluq ittihamı ilə həbs edilib. Bununla bağlı bu gün, martın 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Məlumata görə, xarici ölkə (ölkənin adı çəkilmir) vətəndaşı, 1994-cü il təvəllüdlü Məhəmməd Nəcəf Qaedinin Azərbaycan ərazisində casusluq əməlləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

"...Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur", - məlumatda iddia edilir.

O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya, hələlik, sözügedən şəxsin və ya vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.