Həbsdəki jurnalistə bəraət istənilir

Fikrət Fərəməzoğlu

Jurnalist Araşdırma Mərkəzinin və "jam.az" saytının həbsdə olan rəhbəri Fikrət İbişbəyli (Fərəməzoğlu) barəsində aşağı məhkəmələrin qərarlarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Bu haqda onun vəkilləri bildiriblər.

Kassasiya şikayətində jurnalist barəsində bəraət hökmünün çıxarılması istənilir.

Ali Məhkəmənin artıq şikayəti icraata qəbul etdiyi bildirilir.

Məhkəmədən bildirildiyinə görə, F.İbişbəylinin kassasiya şikayəti hakim Hafiz Nəsibovun sədrlik etdiyi heyətin icraatına verilib.

Şikayətə iyulun 18-də baxılmalıdır.

Xatırlatma

Fikrət Fərəməzoğlu 2017-ci il Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır.

Amma jurnalist ittihamı qəbul etmir, iddia edir ki, "restoran", "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunub. Onun sözlərinə görə, həmin yerləri vəzifəli şəxslər himayə edirlər.