Oğlu: ‘Məmməd İbrahimin gözündən qara su gəlir’

Məmməd İbrahim, İmişli rayonu, 6. sentyabr 2016

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müşaviri Məmməd İbrahimin gözündə ciddi problem yarandığı bildirilir.

Bu barədə Azadlıq Radiosu-na Məmməd İbrahimin oğlu Turan İbrahim məlumat verib.

Oğlunun sözlərinə görə, M.İbrahimin sağ gözü görmə qabiliyyətini itirməkdədir:
“ Xəstə gözündən qara su gəlir.Həkimlərlə məsləhətləşmələr apardıq. Buna qlükoma (göz təzyiqi-r). xəstəliyi deyilir. Yüksək müalicə ala bilmədiyi halda sağ gözünün korluğuna səbəb ola bilər”.

T.İbrahimin sözlərinə görə, atası özü kənardan gələn həkim vasitəsilə gözünü müalicə etdirmək istəyir.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə qarşı fiziki qüvvə tətbiqində ittiham olunan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istəyərkən M.İbrahim onlara qarşı da fiziki qüvvə tətbiq edib.

Bundan sonra M.İbrahimə qarşı ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Məmməd İbrahim ittihamları qurama sayir və həbsini siyasi fəaliyyəti ilə izah edir.