Bu ay Səudiyyə Ərəbistanında Həcc ziyarətində 1300-dən çox adam ölüb. Səudiyyə hökuməti onların çoxunun icazəsinin olmadığını bildirir. Onların bir çoxunun saxta tur operatorlarına minlərlə dollar pul ödədikdən sonra dəhşətli istilərdə piyada minlərlə kilometr məsafə qət etdikləri vurğulanır.
"The New York Times" yazır ki, icazəsi olan zəvvarlar müqəddəs Məkkə şəhərində kondisionerli avtobuslarda daşınır və kondisionerli çadırlarda qalır. Qeydiyyatdan keçməyənlərsə çox zaman sərt təbiətin təsirlərinə məruz qalmalı olur. Temperaturun müsbət 50 dərəcəni keçdiyi son günlərdə bəzi zəvvarlar küçələrdə insanların bayıldığını və keçindiyini müşahidə ediblər.
"Ölən 1301 zəvvarın 83 faizinin icazəsi olmayıb"
Bazar günü, iyunun 23-də Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd əl-Cəlacel dövlət televiziyasına müsahibəsində deyib ki, ölən 1301 zəvvarın 83 faizinin icazəsi olmayıb: "Bu il Həcc mövsümündə temperaturların qalxması böyük çətinlik yaratdı. Təəssüf ki, — və bu bizim hamımız üçün ağrılıdır – Həcc icazəsi olmayanlar günün altında piyada uzun məsafələr qət ediblər".
Hər il iki milyona yaxın insanın iştirak etdiyi Həcc ayinlərində bəzilərinin istidən, yaxud xroniki xəstəlikdən ölməsi nadir hal deyil. Bu il ölüm sayının həmişəkindən daha çox olub-olmaması isə məlum deyil. Səudiyyə Ərəbistanı bu ölümlərlə bağlı statistikanı vaxtaşırı dərc etmir. Ötən il təkcə İndoneziyadan 774 zəvvar həyatını itirmişdi. 1985-ci ildə isə müqəddəs yerləri ziyarət edənlər arasında 1700-dən çox ölüm halı baş verdiyi açıqlanıb. O zaman araşdırma bu ölümlərin çoxunun isti ilə bağlı olduğu qənaətinə gəlmişdi.
Ölənlərin çoxunun icazəsi olmadığı üçün builki olaylar dünyanın bir çox yerində müsəlman zəvvarlardan gəlir mənbəyi kimi istifadə edən saxta tur operatorları və qaçaqmalçılara diqqət çəkib.
Bu ölümlər, eyni zamanda, Səudiyyə Ərəbistanının immiqrasiya və təhlükəsizlik prosedurlarının zəifliyini də üzə çıxarıb. Bu prosedurlar qeydiyyatsız zəvvarların müqəddəs yerlərə, o cümlədən Məkkənin ətrafındakı təhlükəsizlik kordonuna qədər gəlib çıxmasının qarşısını almalı idi. Bu təhlükəsizlik kordonu Həcc mövsümünün başlanmasından bir neçə həftə öncə bağlanır.
400 min sənədsiz insan
Anonimlik şərti ilə danışan bir yüksəkvəzifəli Səudiyyə rəsmisi "France-Presse" agentliyinə bildirib ki, bütün səylərə baxmayaraq, bu il 400 minədək sənədsiz insan müqəddəs yerləri ziyarət etməyə cəhd göstərib. Müxtəlif illərdə Həcc ayinləri zamanı bir neçə fəlakət də baş verib. Onlardan biri 2015-ci ildə 2 min 200-dən artıq insanın ölümünə səbəb olan kütləvi basabasdır.
Həcc turları satan operatorlar, zəvvarlar və ölənlərin yaxınları "The New York Times"a müsahibələrində insanlara turist, yaxud ziyarətçi vizası olmadan krallığa getmək imkanı verən boşluqlardan asanlıqla sui-istifadə edilməsindən danışıblar. Onların sözlərinə görə, bu insanlara, əsasən, öz ölkələrindəki tur operatorları kömək edir. Onlar Həccdən öncə ölkəyə gələrək qanunsuz dəllal və qaçaqmalçı şəbəkələri tapırlar. Bu şəbəkələr onlara öz xidmətlərini təklif edir və bəzən onları çətinliklər qarşısında tək qoyurlar.
Bu il bəzi ölkələrdə iqtisadi çətinliklərin artması ilə qeydiyyatsız zəvvarların sayı da artıb. Zəvvarın gəldiyi ölkədən asılı olaraq, rəsmi Həcc paketinin qiyməti 5 min dollardan yuxarı, yaxud 10 min dollar ola bilər. Bu isə ziyarət etmək istəyənlərin çoxunun imkanlarını aşdığı kimi dəyərləndirilir.
Marua adlı 32 yaşlı misirli qadın bu il valideynlərinin rəsmi icazə almadan Həccə getdiklərini deyir. Onun sözlərinə görə, valideynləri ziyarətlərinə 2 min dollara yaxın pul ödəyiblər. Vurğulamasına görə, onların işini Misirdə bir səyahət agenti və Səudiyyə Ərəbistanındakı bir dəllal görüb. Misirin milli valyutası dəyər itirdiyi üçün onlar tez getməli olduqlarını düşünüblər. Marua qanuni təqibdən çəkindiyi üçün soyadının çəkilməsini istəməyib.
Tunisin dini işlər naziri vəzifəsindən azad edilib
Cümə günü, iyunun 21-də 50 vətəndaşı ziyarət zamanı ölən Tunisin prezidenti ölkənin dini işlər nazirini vəzifəsindən azad edib. Ziyarət zamanı azı 99 vətəndaşı ölən İordaniyada prokurorluq qanunsuz Həcc marşrutlarına qarşı təhqiqata başlayıb. Misirdə isə hökumət adekvat xidmət göstərmədən zəvvarlara viza verən 16 şirkətin lisenziyasını ləğv edəcəyini bildirib.
"Bu biznesdə o qədər tamah var ki", - Qahirədə fəaliyyət göstərən "El-Iman Tours" şirkətinin sahibi İman Əhməd deyir. O, özünün qeydiyyatsız ziyarətçilər göndərməkdən imtina etdiyini, ancaq digər Misir tur operatorları və səudiyyəli brokerlərin bu işdən çoxlu pul qazandığını bildirir.
Həccdən öncə Səudiyyənin dövlət qurumları bilbordlar və çoxsaylı telefon mesajları vasitəsilə insanlara icazəsiz ziyarətin qanunsuz olduğunu, qaydanı pozanların cərimələnərək deportasiya ediləcəyini və krallığa girişlərinin yasaqlanacağını xatırladıb.
Adətən Həccdən bir neçə həftə öncə Məkkəyə giriş bağlanır. Buna baxmayaraq, bir çox zəvvarlar qadağalardan yan keçərək Məkkəyə vaxtından əvvəl daxil olub və gizlənib, yaxud da xüsusi adamlara pul ödəyərək şəhərə giriblər.
Təqib olunacağından qorxduğu üçün özünü sadəcə Umm Əbdülrəhman kimi təqdim edən iordaniyalı zəvvar qadın bir neçə qaçaq sürücü ilə danışdığını, onların 200 dollar əvəzində onu qayalıq dağ yolları ilə şəhərə keçirdiyini deyir. Ancaq deməsinə görə, sonra o, su və ayaqyoluna çıxışı olmadan saatlarla günün altında yeriməli olub.
Habelə bildirməsinə görə, polis onun qoşulduğu qrupu qısa müddətliyinə saxlayıb, insanların adlarını yazıb və çölün ortasında buraxaraq gedib. 49 yaşlı həmin şəxs səyahətinin qanunsuz olduğunu bilsə də, riskləri tam təsəvvür etmədiyini deyir.
İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.