Bu həftə yenə həbsdə olan jurnalistlərdən, yeni həbslərdən, ölkə başçısının ABŞ-yə mesajlarından danışırıq.
Fərid Mehralızadə: 'Həbsimin əsl səbəbi məhz AzadlıqRadiosunda yayımlanan yazılarımla bağlıdır'
Bu həftə "AbzasMedia" ilə bağlı cinayət işi üzrə məhkəmədə AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə ifadə verdi. O, məhz radionun Azərbaycan xidmətində yayımlanan iqtisadi mövzuda araşdırmalarına görə cəzalandırıldığını dedi: "Orada bir polis vardı, mənə dedi ki, "cavan oğlansan, sənə AzadlıqRadiosu lazımdır? Başını sal aşağı, həyatını yaşa da". Baxın, bu cinayət işində AzadlıqRadiosunun adı çəkilmir. Mən də ona yazılarımın radioda yayımlandığını deməmişdim. Həmin şəxsin bu ifadəni işlətməsi onu göstərir ki, həbsimin əsl səbəbi məhz AzadlıqRadiosunda yayımlanan yazılarımla bağlıdır".
Siyasi etiraz, ölüm riski: Aclıq aksiyasının hansı fəsadları var?
Siyasi fəal Tofiq Yaqublu aprelin 1-dən başlatdığı aclıq aksiyasını davam etdirir. Ailə üzvləri, vəkillər onun səhhətinin gün-gündən pisləşdiyini, sürətlə çəki itirdiyini vurğulayırlar. Rəsmi orqanlardan bu aclıq aksiyasına reaksiya gəlməyib. T.Yaqublunun daha öncəki həbslərində keçirdiyi aclıq aksiyaları onun bədənində müəyyən izlər buraxıb. AzadlıqRadiosu aclıq aksiyasının insan orqanizmi üçün fəsadlarını araşdırıb.
AXCP fəalına 30 sutka verilib
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəallarının həbs dalğası davam edir. Bu dəfə Elnur Quliyevə 30 sutka inzibati həbs verilib. O, kütləvi tədbirlər zamanı AXCP sədrinin mühafizəsində iştirak edirdi. Hazırda Ə.Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov 13 il həbs cəzası çəkir. Digər mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar da ittihamları qəbul etmirlər. AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir.
Qəbələdə polisin azyaşlı uşağı döydüyü olayla bağlı hökm: Uşağın atasına uzunmüddətli həbs, əmisinə də...
2023-cü ilin dekabrında Qəbələdə polis əməkdaşının azyaşlı oğlanı təpikləməsinin videosu sosial mediada müzakirəyə səbəb olmuşdu. Həmin uşağın atasına 3 il 6 ay həbs cəzası verilib, əmisinin azadlığı 2 il məhdudlaşdırılıb. Ağayev qardaşları xuliqanlıq, polisə müqavimətdə təqsirli biliniblər. Onların və birinin azyaşlı oğlunun polislərə daş atdığı, təhqir etdiyi bildirilir. Nəticədə polislər arasında xəsarət alanlar olub, Post Patrul Xidməti (PPX) maşınına ziyan dəyib. Qardaşlar isə özlərini təqsirli bilməyiblər, uşaqla birgə polis zorakılığına məruz qaldıqlarını deyiblər. "Belimə, başıma, ayağıma dəyənəklə, təpiklə o qədər vurmuşdular, bədənimin hər tərəfi xəsarətlə dolu idi. Qardaşım Səxavəti, azyaşlı oğlumu da möhkəm döymüşdülər", -- bunu Eldəniz Ağayev deyib.
Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tanımayacaq?
Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tanımaya bilər. Prezident İlham Əliyev belə deyib və bunu Azərbaycanın həmin məhkəmənin hakimlərinin seçilməsində iştirak etməməsi ilə əsaslandırıb: "Avropa İnsan Hüquqları Məhkəməsinin heç bir qərarı bizə şamil edilə bilməz, çünki biz səsvermə hüququndan məhrum olmuşuq. Biz o hakimlərin seçilməsində səs verməmişik".
Azərbaycan AŞPA-da səsvermə hüququndan 2024-cü ilin yanvarında məhrum edilib, öhdəliklərini yerinə yetirməməsi əsas gətirilib. Rəsmi Bakı isə hələ səsvermədən öncə qurumla əməkdaşlığı dayandırıb.
Əliyevdən Trampa kömək təklifi və müxalifətə "Qərb dəstəyi" mesajı - AXCP "əsassızdır" deyir
Prezident ADA universitetində "Yeni dünya nizamına doğru" adlı forumdakı çıxışında USAID-in ünvanına xeyli tənqid səsləndirib, bu qurumun korrupsiyaya uğradığını, Azərbaycanda istintaqın getdiyini söyləyib. AXCP sədri Əli Kərimli bu çıxışın Əliyevin azad mediaya, demokratik institutlara nifrətinin sübutu sayır.
Elə həmin forumun keçirildiyi gün- aprelin 9-da "QHT işi" üzrə daha iki nəfər cinayət məsuliyyətinə cəlb olunub, daha bir neçə şəxs də ifadəyə çağırılıb.
Rusiya tənqid olunmadı, ABŞ-yə mesajlar
Sözügedən forumda diqqətçəkən məqamlardan biri prezidentə Rusiya ilə münasibətlərə dair sual verilməməsi oldu. Üç saata yaxın çəkən tədbirdə Azərbaycanın Türkiyə, İsrail, Afrika ölkələri ilə əlaqələrindən söz açıldı. Rusiyanın adı cəmi doqquz dəfə, o da Ukraynadakı təcavüzkar müharibə kontekstində çəkildi.
Bu məqam Bakı ilə Moskvanın ötən ilin sonundan bəri yaşadığı diplomatik gərginlik fonunda maraqlıdır. Dekabrın 25-də Azərbaycanın sərnişin təyyarəsinin Qroznı yaxınlığında vurulmasından sonra prezident Rusiyadan üzrxahlıq, məsuliyyəti götürməyi, günahkarları cəzalandırmağı, kompensasiya ödəməyi tələb etdi. Bu tələblərdən yalnız birinci yerinə yetirildi. Bundan sonra Bakıdakı "Rus Evi"nin, daha çox təbliğatla məşğul olan "Sputnik Azərbaycan"ın da fəaliyyətinin dayandırıldığı açıqlandı.
İlham Əliyev və Vladimir Putin
Amma fevraldan bəri tərəflər bir-birinin ünvanına hədələyici bəyanatlara ara verib. Martın 10-da Rusiya prezidenti Vladimir Putin Milli Məclisinin sədri Sahibə Qafarovanı "Dostluq" ordeni ilə təltif edib - iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə. Təxminən elə həmin dönəmdə Moskvada keçmiş prezident Heydər Əliyevin abidəsinin təməli qoyulub.
Rusiya ilə müttəfiqlikdən danışmayan prezident Əliyev Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələrinin böhran yaşadığını deyib. O, Azərbaycanın ABŞ üçün çox mühüm tərəfdaş ola biləcəyini vurğulayıb, prezident Tramp və komandası ilə uzunmüddətli strateji əlaqələrə başlanacağı günü gözlədiyini vurğulayıb.
Bir gün sonra ABŞ prezidenti Donald Trampın İ.Əliyevə Novruz bayramı təbriki yayılıb. "Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram", - məktubda deyilir.
Aprelin 9-da Türkiyə və İsrail təmsilçilərinin Azərbaycanda görüşdüyü, Suriyada arzuolunmaz hadisələrin qarşısının alınması mexanizmini müzakirə etdiyi açıqlanıb.