Sülhə doğru. Müxalifətçiyə 9 il həbs verildi, yeyintidə günahlandırılan məmura şərti cəza istənildi

Azərbaycan və Ermənistan bayraqları

Azərbaycan və Ermənistan bayraqları

Bu həftə illərdir gözlənilən bir xəbər gəldi: Bakı və Yerevan sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Tərəflər indiyədək razılaşdırılmayan iki maddə üzrə də razılığa gəlindiyini açıqladılar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sazişin imzalanması üçün ilkin şərtin Ermənistan konstitusiyasına dəyişikliklərin olduğunu vurğuladı. Ermənistanın baş naziri Nikol Paşinyan referendum vasitəsilə yeni konstitusiya vəd edib, amma bunun 2026-cı ilin iyunundan tez baş verəcəyi gözlənilmir.

İndiyədək Bakı və Yerevan arasında əsas razılaşdırılmayan bəndlərin sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmə iddialarından geri çəkilməsi olduğu bildirilirdi. Paşinyan martın 13-də deyib ki, saziş imzalanandan sonra Ermənistan və Azərbaycan sərhəd boyunca xarici qüvvələr yerləşdirməyəcək. O, sazişin indiki məzmununu "məqbul kompromis variant" adlandırıb.

Ruben Vardanyan

Ruben Vardanyan

+++

Martın 13-də Avropa Parlamenti Azərbaycan hökumətini Qarabağ separatçılarını azadlığa buraxmağa çağıran qətnamə qəbul edib. Parlamentin deputatları Avropa İttifaqı (Aİ) səfirliklərini separatçıların Bakıda keçirilən məhkəmə proseslərinə nəzarət etməyə və onlara baş çəkməyə səsləyiblər.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, "insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılmağa çağırılması, onların "əsir" və "girov" adlandırılması... qəbuledilməz haldır". O, jurnalistlərə açıqlamasında separatçıların mühakiməsinin davam etdiriləcəyini vurğulayıb.

Tofiq Yaqublu

Məhkəmə xronikası

Martın 10-da müxalif siyasətçi Tofiq Yaqubluya 9 il həbs cəzası verildi. O, dələduzluq və saxta sənəd hazırlamaqda təqsirli bilinib. Özü isə ittihamları rədd edib. "İstisnasız olaraq bütün ittihamlar havadan götürülüb və bütün bunlar mənim müxalifətçi siyasətçi olmağımla bağlıdır", - T.Yaqublu son sözündə deyib.

Avropa İttifaqının təmsilçisi də məhkəmənin bu qərarından təəssüfünü bildirib, insanların müxtəlif siyasi fikirlərini sərbəst ifadə edə bilməsinin vacibliyini vurğulayıb: "Fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir".

+++

ABŞ-də yanvarda fəaliyyətə başlamış Donald Tramp administrasiyası da Azərbaycanda davam edən həbslərdən narahatlıq ifadə edib. "Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, insan haqları müdafiəçiləri və müxalifətçilərin davamlı həbsləri dərin narahatlıq doğurur. Vitse-prezident Ceyms Devid Vensin də vurğuladığı kimi, biz ifadə azadlığını dəstəkləməli, senzuranı dayandırmalı, müxalifəti susdurmamalıyıq. Azərbaycan hökumətinin bu bəyanata ciddi yanaşacağını gözləyirik", – Dövlət Departamentinin sözçüsü AzadlıqRadiosunun sorğusuna cavabında bildirib.

Sevinc Vaqifqızı

+++

Bu həftə "AbzasMedia" jurnalistləri məhkəmədə ifadə verdilər. Onlar öncəki bir neçə prosesə qatılmaqdan imtina edir, məhkəməyə gətirilmə və saxlanma şəraitinə etiraz edirdilər. Nəşrin baş redaktoru Sevinc Vaqifqızı, jurnalist Elnarə Qasımova ifadələrində məhz korrupsiyanı ifşa etdiklərinə görə cəzalandırıldıqlarını deyiblər.

"Məcburi köçkünlər evlərinə qayıdanda məmurlar oralarda böyük torpaq sahələrinin sahibinə çevrilmişdilər. Qarabağ veteranları isə pulunu vaxtında ala bilməyən, ya da heç almayan fəhlələrə dönmüşdülər", - bunu S.Vaqifqızı deyib.

Emin İbrahimov

+++

Azərbaycanın ABŞ-dəkı səfirliyində katib, Uruqvaydakı diplomatik missiyada müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimova 10 il həbs cəzası istənilib. O, xuliqanlıq niyyətiylə qəsdən bədənə ağır xəsarət yetirmədə ittiham olunur. Özü isə məhkəmədən heç bir gözləntisinin olmadığını söyləyib: "Bu, məhkəmə deyil, tamaşadır. Mənimlə bağlı baş verənlər də böyük bir dövlət aparatı ilə qarşıdurmadır. Mən qarşıdurmadayam, sizlər də hakim deyilsiniz, qarşı tərəfi təmsil edirsiniz. Burada ədalət mühakiməsindən söhbət gedə bilməz. Ona görə də danışılanlara heç qulaq asmıram".

Çingiz Mehdiyev

+++

398 min manatlıq yeyintidə təqsirləndirilən keçmiş məmura da 10 gün öncə 10 il həbs cəzası istənilmişdi, amma martın 13-də prokuror ona şərti cəza verilməsini istəyib. Söhbət Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin keçmiş şöbə müdiri Çingiz Mehdiyevdən gedir. O, "Formula-1" yarışlarının təşkilində 398 min manatlıq yeyintidə təqsirləndirilir. Məhkəmə iclasında onun vəkili yeyinti nəticəsində dövlətə vurulmuş ziyandan 298 min manatın ödənildiyi barədə sənəd təqdim edib. Daha 100 min manat da istintaq dövründə ödənilib. Ç.Mehdiyevə 10 gün öncə 10 il həbs cəzası istəmiş prokuror Orxan Səmədov sağlamlığında problemlər yarandığı əsas gətirib və prosesə yeni prokuror qoşulub. O da Ç.Mehdiyevə 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza verilməsini istəyib. Bu işdə mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimzadənin adı hallanırdı. Ç.Mehdiyev deyirdi ki, özbaşına heç bir iş görməyibmiş, atdığı hər bir addımdan nazir oğlunun xəbəri olub.