Həkim: Saakaşvili çox zəifləyib, yataqdan dura bilmir

M. Saakaşvili Qldani həbsxanasının klinikasında, 8 noyabr 2021

Aclıq aksiyasının 44-cü günündə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili xeyli zəifləyib və yataqdan qalxa bilmir.

AzadlıqRadiosunun gürcü xidməti xəbər verir ki, bu barədə jurnalistlərə siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib

"O aşağı enə bilmədiyi üçün mən onun yanına, kameraya baş çəkdim. Mən analizlər götürdüm, cavabları əldə etdim. Beləki birinci dəfə idi o, yataqdan ayağa dura bilmədi" Kipşidze bildirib.

Həkim beş saatdan çox həbsxanada qalıb. Onun sözlərinə görə, Saakaşvili aclıq aksiyasını davam etdirir, lakin həyati parametrləri saxlamaq üçün lazım olan dərmanların qəbulunu bərpa edib.

Mixail Saakaşvili ilə vətəndaş nigahında olan, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko keçmiş prezidentin saxlandığı Qldani həbsxanasına təcili yardım maşınının gəldiyi barədə məlumat yayıb.

Buna da bax: Saakaşvilinin tərəfdarları yenə də aksiya keçirirlər

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məhbus üçün təcili yardım çağırılması barədə məlumatı təsdiqləməyib.

Ədliyyə Nazirliyi məhbusun səhhətinin “stabil” vəziyyətindən danışıb və əmin edib ki, lazım gələrsə, məhkuma həbsxana xəstəxanasında təcili yardım göstəriləcək.

Bu günlərdə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb, eyni zamanda hakimiyyətin reabilitasiya prosesi də daxil olmaqla, məhbusa müvafiq tibbi yardım göstərməli olduğunu vurğulayıb.

Saakaşvili bu müraciəti nəzərə aldığını bildirib, həkimlər şurası tərəfindən seçiləcək özəl klinikaya köçürüldükdən sonra aclıq aksiyasını dərhal dayandıracağına söz verib.

Saakaşvili uzun mühacirətdən sonra oktyabrın 1-də Gürcüstana qayıdıb. Bir müddət sonra həbs olunub. O, elə həmin gündən aclıq aksiyasına başladığını bəyan edib.

Amma bir neçə gün öncə Penitensiar Xidmətin çəkdiyi videoda Saakaşvilinin həbsxananın tibb hissəsində yediyi görünür. Saakaşvili elə həmin gün etiraz olaraq vitamınlərdən və şirədən imtina etdiyini bildirib.

Buna da bax: Saakaşvili xəstəxanada pis rəftar gördüyünü iddia edir