Bu il 94 jurnalist və media işçisi həlak olub

Həmkarları həlak olmuş Fələstin jurnalisti Məhəmməd Sobohun qanlı geyimi ilə

Hələ başa çatmaqda olan 2023-cü il ərzində bütün dünyada 9 nəfəri qadınlar olmaqla 94 jurnalist və media işçisi həlak olub.

Bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) hesabatında deyilir.

Jurnalistika sahəsindən qurbanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 faiz artıb.

Bu, əsas etibarilə ABŞ və Avropa İttifaqında terrorçu təşkilat sayılan HƏMAS-la İsrail arasında davam edən müharibə ilə bağlıdır.

Bu münaqişənin işıqlandırılması zamanı 68 jurnalist həlak olub.

Buna da bax: Rusiya torpaqlarındakı qaranlıq qətllərdə Ukrayna izləri

Media üçün ən ölümcül müharibə

IFJ-in məlumatına görə bu müharibə 1990-cı ildən bəri jurnalistlər üçün ən ölümcül münaqişə olub.

Federasiya həlak olan jurnalistlərin reyestrinin tərtibinə məhz 1990-cı ildə başlayıb.

Ukrayna müharibəsi də jurnalistlər üçün təhlükəli münaqişə olaraq qalır. Bu müharibədən reportaj hazırlayan 3 media təmsilçisi - Ukrayna, Rusiya və Fransa jurnalisti həlak olublar.

Məhbus media nümayəndələrinin də sayı artaraq 393 nəfərə çatıb. Bu bir sıra ölkələrdə, o cümlədən Rusiya, Belarus, Çin və İranda davam edən repressiyalarla bağlıdır.

Son üç ildə məhbus jurnalistlərin sayı durmadan artır.

IFJ bütün dünya boyunca jurnalistlərin müdafiəsi üçün “yeni standartların” işlənib hazırlanmasına çağırıb.