Bu il dekabrın 1-dək dünyada işi ilə əlaqədar öldürülən jurnalistlərin sayı 45 olub və bu, Yaxın Şərqdə müharibə getməsinə baxmayaraq, 2002-ci ildən bəri ən aşağı göstəricidir. Dekabrın 14-də Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu haqda illik hesabatını yayıb.
2012-2013-cü illərdə Suriya və İraq müharibələri ilə əlaqədar azı 140 jurnalist həlak olmuşdu.
İsrail-HƏMAS müharibəsində ümumilikdə 63 jurnalist həyatını itirib ki, onlardan 56-sı Qəzzanın payına düşür. Onlardan 17-si sırf iş başında həlak olub.
ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailin cənubuna girib, min 200 nəfər öldürülüb, 240 nəfər girov götürülüb. Bundan sonra İsrail HƏMAS-ın nəzarətində olan Qəzzanı bombalamağa başlayıb. İsrailin əməliyyatları nəticəsində azı 18 min nəfərin öldürüldüyü bildirilir.
Buna da bax: Bu il 94 jurnalist və media işçisi həlak olubHəbsdə olan, itkin jurnalistlər
RSF dünyada peşəsi ilə əlaqədar qanunsuz olaraq 521 jurnalistin saxlandığını bildirir. Bu, 2022-ci illə müqayisədə 8.4 faiz azdır. Jurnalistlərin ən çox həbs olunduğu ölkələr Çin (121), Myanma (68) və Belarusdur (39). Rusiyada 28 jurnalistin koloniya və təcridxanalarda olduğu bildirilir.
Bu il Azərbaycanda noyabrın 20-dən bəri, bir aydan da az bir müddətdə azı yeddi jurnalist saxlanılıb. AbzasMedia araşdırmaçı media orqanına qarşı cinayət işi ilə əlaqədar bu qurumun beş jurnalist və rəhbər şəxsi saxlanılıb. Onlar qaçaqmalçılıqda ittiham olunsalar da, həbslərini hökumətdə korrupsiyanı ifşa edən araşdırmaları ilə əlaqələndirirlər. Onlardan başqa, "Kanal 13" və "Kanal 11" internet televiziyalarının rəhbərləri də saxlanıb.
Hazırda bütün dünya üzrə 84 jurnalistin itkin düşdüyü bildirilir. Onlardan yeddisi bu il qeydə alınıb.