Helsinki Komitəsi Azərbaycanda qadın jurnalistlərin həbsini yanlış... sayır

Həbsdə olan qadın jurnalistlər

"Azərbaycanda qadın jurnalistlərin haqsız yerə həbs edilməsi yanlış, biabırçı və qorxaqlıqdır".

Bu, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Norveç Helsinki Komitəsinin açıqlamasında yer alır.

Açıqlamada qeyd edilir ki, "AbzasMedia" nəşri, "ToplumTV" və "MeydanTV" 2023-cü ildən hökumət repressiyaları ilə üzləşib.

Həmin media qurumlarının həbs edilən jurnalistlərinin arasında xanım əməkdaşlar da var: "Həbsdə olan qadın jurnalistlərin bəzilərinin ciddi sağlamlıq problemləri var, onlara təcili tibbi yardım lazımdır. Həbsxanada təhlükəli şərait və adekvat tibbi xidmət almaqda çətinlik səbəbindən məhkəməyəqədər həbs müddətində onların həyatları risk altındadır".

Sənədin sonunda da vurğulanır ki, "qürurla qadına dəyər verdiyini iddia edən bir ölkədə səkkiz tənqidçi qadının cəzalandırılmasının ironiyası sözlə əməlin ziddiyyətindədir".

Hələlik, bəyanata rəsmi qurumların münasibəti bəlli deyil.

Xatırlatma

Son bir ildə aralarında "AbzasMedia" nəşri, "ToplumTV" və "MeydanTV" əməkdaşları da olmaqla Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300-dən çox siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.