Hərbi qulluqçuların maaşı artırılacaq, bəs veteranların…

Sizin brauzer HTML5-i dəstəkləmir

'Qul bazarı'na çıxan müharibə iştirakçısı

Hərbi qulluqçuların statusu haqqında yeni qanun layihəsi hazırlanıb. Bu barədə "Turan"a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov bildirib ki, yeni hazırlanan qanun layihəsi ordunun bütün növlərini əhatə edəcək: "Burada daha çox hərbi qulluqçuların şəxsi icbari sığortası nəzərdə tutulur".

MAXE-lər də unudulmayıb

Bəs layihədə müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçuların məsələsi də yer alırmı? Deputat E.Məmmədovun vurğulamasına görə, yeni layihədə, əsasən, hərbiçilər və hərbi xidmətə cəlb olunanların vəzifə maaşlarının artırılması nəzərdə tutulur: "Bu da o deməkdir ki, bu kateqoriyaya aid olanların vəzifə maaşlarının da artırılması nəzərdə tutulur".

Bakıda işləyən və adının çəkilməsini istəməyən bir müddətindən artıq xidmət edən hərbi qulluqçu isə AzadlıqRadiosuna deyib ki, hazırda o, əlinə 600 manatdan az əməkhaqqı alır: "Daxili Qoşunlarda xidmət edəm MAXE-lərin əməkhaqqısı yüksəkdir. 1000 manata yaxın çıxır. Cəbhə xəttində olan MAXE-lər də bizdən çox alır. Təbii, 550 manata ailə saxlamaq çətindir".

Müharibə iştirakçıları üçün isə, hazırkı qanunvericiliyə görə, aylıq 80 manat müavinət nəzərdə tutulur.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Mən nə yeməliyəm ?'- Müharibə iştirakçısı

"Heç bu 80 manat da ödənilmir"

Natiq adlı müharibə iştirakçısı isə AzadlıqRadiosuna bildirib ki, təqaüd almaq üçün müharibəyə yollanmayıb: "O vaxt hər şeyi gözə alıb işğalda olan torpaqlarımızı azad etmək üçün getdim. Şükür ki, torpaqlarımızı da aldıq, özüm də sağ-salamat qayıtmışam. İndi də əvvəlki işdə işləyib özümü birtəhər dolandırıram. Amma 80 manat çox azdır. Bu pula nə almaq olar?! Heç nə".

"Qarabağ Qaziləri" İctimai Birliyinin nəzdində "Gənc Qazilər" filialının Binəqədi rayon üzrə sədri Ayaz Qasımov da AzadlıqRadiosuna bildirib ki, bu ilin fevralında Vətən Müharibəsi (İkinci Qarabağ müharibəsi) iştirakçılarına "Müharibə veteranı" adının verilməsi ilə bağlı komissiya yaradılıb: "Deyilmişdi ki, komissiya "müharibə veteranı" adı veriləcək iştirakçıların siyahısını müəyyənləşdirəcək və müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək. Amma hələ də ad verilməyib və ona görə də heç bu 80 manat da ödənilmir".

Onun sözlərinə görə, 80 manat çox azdır: "Vətəni qorumağa gedən adama 80 manat pul verilməsi yetərsizdir. 80 manatla nə edəcək o adam? Müharibədən qayıdanların arasında hələ də iş tapa bilməyən insanlar var. Onlar bu 80 manatla necə dolansın? Əslində, qazilərə 410 manat əlillik müavinətini verirlər. Bu 410 manat nədir ki? Verilən müavinətlərin, təqaüdlərin məbləği qaldırılmalıdır". A.Qasımov hesab edir ki, müharibə iştirakçılarına verilən təqaüd, ən azı, 150 manat olmalıdır.

F.Mustafa

"İşlə təmin olunma daha vacibdir"

Milli Məclisin deputatı Fazil Mustafa isə "Turan"a bildirib ki, ilk növbədə sənədləşmə dəqiq aparılmalıdır və həqiqətən də şəxsin o kateqoriyaya daxil olduğu təsdiq olunmalıdır. Onun fikrincə də, hazırda müharibə iştirakçılarına verilən məbləğ yetərli deyil: "Necə ki, pensiya və digər məbləğlər kimi. Amma 100, 150 manat da versən, bu da yetərli olmayacaq. Bu, mövcud bazar şərtlərinə onsuz da uyğun deyil".

Deputat hesab edir ki, burada işlə təmin olunma və normal əməkhaqqı daha vacibdir: "Bu məsələlərdə bu cür köməklik daha yaxşıdır, nəinki sosial müavinətin ümidinə qoymaq. Bizdə də məşğulluq məsələsi əsas problemdir. Bunu həll etsək, başqa problemləri çözmək olar".

N.Əliyev

"Hətta postsovet ölkələrlə müqayisədə…"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökumətinin sosial siyasəti, xüsusi olaraq pensiyaların və müavinətlərin verilməsi çox bərbaddır: "Hətta postsovet ölkələrlə müqayisədə Azərbaycandakı sosial siyasət sisteminin nə dərəcədə bərbad olduğu dərhal üzə çıxır".

Onun sözlərinə görə, müharibədə iştirak edən şəxslərin yüksək dövlət qayğısı ilə təmin olunması şərtdir: "Müharibədə iştirak edib, heç bir xəsarət almayan adam da qəhrəmandır. Ona görə də bütün müharibə veteranları yüksək sosial təminatla əhatə olunmalıdır".

İqtisadçı deyir ki, dövlətin bunun üçün kifayət qədər imkanı var: "Son doqquz ayın xarici ticarət dövriyyəsinin bahalaşmasından Azərbaycanın 9 milyard manat xalis qazancı olub. Yerli malların bahalaşmasından da dövlət xeyli gəlir götürüb…".