Milli Məclisin önündə aksiya olub

Hərbi xidmət zamanı övladları həlak olan, amma status ala bilməyənlərin valideynləri bu gün, oktyabrın 5-də Milli Məclisin qarşısında etiraz aksiyası keçirib.

Valideynlər iddia edir ki, övladları müxtəlif vaxtlarda döyüş şəraitində həyatlarını itirsə də, onlara illərdir status verilmir. "Oğlum cəbhə xəttində gecə postda olub, səhər gəlib meyitini tapıblar. Gülləni kürəyindən vurublar, ürəyindən çıxıb, yazıblar ki, ürək çatışmazlığından ölüb. Əlimdə bütün sübutlar var, Tərtər məhkəməsi isə işi ört-basdır edib", - analardan biri iddia edib.

Aksiya iştirakçıları deyib ki, dəfələrlə dövlət qurumlarına, o cümlədən Milli Məclis deputatlarına müraciət etsələr də, nəticə yoxdur.

"Seçki zamanı qapı-qapı düşüb vədlər verirlər"

"Seçki zamanı qapı-qapı düşüb vədlər verirlər. Mən sizdən pul istəmirəm. Kağız vermək istəmirlər, onda balamı qaytarsınlar. Balam xəstə-xəstə 7 il Tovuz, Gədəbəy çöllərində olub, onların balaları isə xaricdə", - başqa bir valideyn deyib.

Aksiya iştirakçılarının qarşısına çıxan Milli Məclisin vitse-spikeri Adil Əliyev bildirib ki, status ala bilməyənlərin hər birinin məsələsi ayrı-ayrılıqda müstəqil formada həll olunmalıdır: "Hər bir vətəndaş fərqli şəraitdə övladını itirib. Ona görə də hər vətəndaşımız fərdi müraciət etməlidir. Bu müraciət əsasında da biz sorğular göndərməliyik, araşdırmalıyıq ki, doğrudan da, bu insanların övladları şəhidlik statusuna aiddirlər, yoxsa yox".

Onun sözlərinə görə, bir neçə müraciət artıq öz həllini tapıb: "Valideynlər də bununla razılaşıb".

Xatırlatma

Eyni şikayətlə bundan əvvəl də Bakıda müxtəlif dövlət qurumları qarşısında bir neçə dəfə aksiya keçirilib. Aksiya iştirakçılarına şikayətlərin araşdırılacağı bildirilib.